
Bakı. Trend:
Mayın 24-də Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin,
Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP)
Xətai rayon təşkilatının və “Azərbaycan Televiziya və Radio
Verilişləri” QSC-nin dəstəyi, Rəssamlar İttifaqının, Dövlət Rəsm
Qalereyasının, Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə
“Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı
çərçivəsində elan olunmuş müsabiqənin qaliblərinin
mükafatlandırılması keçirilib.
Trend xəbər verir ki, 28 May- Müstəqillik Gününə həsr olunmuş
festival çərçivəsində təşkil olunan müsabiqənin sərgiləri mayın
13-dən 17-dək növbəli şəkildə Xətai Sənət Mərkəzində açılıb.
Mövzusu güllər olan müsabiqəyə 2500-ə yaxın 8-21 yaşarası
Azərbaycan gəncləri ilə yanaşı, Türkiyə, İran, Peru, Litva,
Gürcüstan, Yaponiya, Vyetnam, Hindistan vətəndaşları da qatılıb. Bu
sərgilərdə 800-ə yaxın əsər nümayiş olunub. Hər yaş qrupu üzrə 10
əsərin müəllifi festivala dəvət alıb.
Xətai Rayon İcra Hakimiyyətinin qarşısında keçirilən tədbirdə
çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli
özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağızadə
müstəqillik tariximizin Zəfər səhifələrindən geniş bəhs etdi.
Bildirdi ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın
müstəqilliyinin daimiliyini, sarsılmazlığını təmin etdi. Ulu
Öndərin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı
işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü və suverenliyimizi tam
bərpa etdi. Azərbaycanın müstəqillik tarixinin 106 illiyinin
ayrı-ayrı mərhələlərinə diqqət yetirsək xalqımızın qəhrəmanlığını,
yenilməzliyini təsdiqləyən hadisələrin şahidi olarıq. Dünyada
Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil
Azərbaycana baxış yüksək səviyyədədir. Dünyaya Günəş kimi doğan
Azərbaycan bu gün tarixi Zəfərinin reallıqları ilə diqqətdədir.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək
bildirdi ki, Azərbaycanın zəngin dövlətçilik tarixi vardır.
Tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Günümüzün əsas
çağırışlarından biri müasir müstəqil, qalib Azərbaycanın bu günü
üçün kimə borclu olduğumuzu indiki və gələcək nəsillərə
çatdırmaqdır. Müstəqillik tariximizi səhifələdikcə Ulu Öndər Heydər
Əliyevin hakimiyyətinin hər iki dövrü, eyni zamanda, fəaliyyətinin
Naxçıvan mərhələsi xüsusi qeyd edilir. Reallıq budur ki, Ümummilli
Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətin varlığından
danışmaq mümkün deyildi. Dahi şəxsiyyət Heydər Əliyev qayıdışı ilə
yeni Azərbaycan qurdu, onun müstəqilliyini daimi və sarsılmaz etdi.
1993-cü ildən başlanan müstəqillik yolu Azərbaycana möhtəşəm
uğurlar qazandırdı. Məhz yaradılan möhkəm təməl üzərində Azərbaycan
yeni-yeni hədəflərə doğru inamla irəliləyir, Zəfərdən Zəfərə
addımlayır. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini
bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev
Azərbaycanı tarixi Zəfərinə qovuşdurdu. Müstəqilliyimizi,
suverenliyimizi daimi etmək üçün bütün dünya azərbaycanlıları vahid
ideya – azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdi.
Azərbaycan Rəsamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli
İbrahimov rəsm festivallarının əhəmiyyətindən geniş bəhs etdi.
Bildirdi ki, bu festivallarda, uşaqlar, gənclər öz yaradıcılıq
imkanlarını nümayiş etdirir, eyni zamanda, ərsəyə gətirdikləri
rəsmlərlə əhatə etdikləri mövzular üzrə təbliğat işinə öz
dəstəklərini verirlər. Bugünkü festivalın mövzusu özündə bütün
məqamları ehtiva edir. Hər birimizin qürur mənbəyi olan qüdrətli
Azərbaycanı rəsmlərdə təsvir etmək, mövcud reallıqları rənglərin
dili ilə ictimaiyyətə çatdırmaq böyük məsuliyyət və fəxrdir.
Tədbirin təşkilatçılarından olan Xətai Sənət Mərkəzinin
direktoru Zahid Əvəzov ölkəmizdə mədəniyyətin, incəsənətin
inkişafına xüsusi diqqət göstərildiyini bildirdi. Qeyd etdi ki,
uşaqların və gənclərin rəssamlığa xüsusi önəm vermələri bir daha bu
reallığı təsdiqləyir ki, Azərbaycan xalqı yaradıcı xalqdır,
həqiqətlərimizi rənglərin vasitəsilə də dünyaya çatdırmağa xüsusi
maraq göstərir.
Tədbir musiqi nömrələri, iştirakçıların rulon akvarel kağız
üzərində sulu boya ilə gül şəkli çəkmələri ilə davam edib. Müsabiqə
iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom, yerlərə görə
hədiyyələrlə mükafatlandırılıblar.





























