Advertisement

Bakıda III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasının
önündəki Elmlər Akademiyası parkında III Türk Dünyası Ədəbiyyat və
Kitab Festivalının (III LitBookFest) açılışı olub.

Akademiyadan Trend-ə bildirilib ki, festival Beynəlxalq Türk
Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı, Mədəniyyət Nazirliyi,
Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi,
TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, AMEA, Bakı Şəhər İcra
Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TİKA və digər qurumların
dəstəyi ilə təşkil olunur.

Səkkiz gün davam edəcək festivalın hər günü bir ölkəyə –
Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan,
Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr
edilib.

Açılış mərasimində öncə Dövlət Himni səsləndirilib, şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Türk
dünyasının sarsılmaz birliyinə, türk dövlətləri arasındakı
əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək III Türk Dünyası
Ədəbiyyat və Kitab Festivalının əhəmiyyətindən danışıb. Xalq
yazıçısı əsrlər boyu kitabın insanların ilk və ən yaxın sirdaşına
çevrildiyini, onun yetişməsində, kamilləşməsində, mənəvi aləminin
zənginləşməsində, dünyagörüşündə, hərtərəfli inkişafında əvəzsiz
rol oynadığını bildirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri festivalın əsas məqsədinin
iştirakçılar arasında mütaliə mədəniyyəti və oxu vərdişini inkişaf
etdirmək, insanların kitaba marağını daha da artırmaq olduğunu
söyləyib, tədbirə qatılan qardaş türk dövlətlərindən gələn
qonaqlara təşəkkür edib.

Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli festivalın
türk dövlətlərinin dostluğunun, birliyinin daha bir parlaq nümunəsi
olduğunu vurğulayıb. III Türk Dünyası Ədəbiyyat və Kitab
Festivalının bir sıra cəhətləri ilə digərlərindən fərqləndiyini
deyən akademik İsa Həbibbəyli builki festivalın ilk dəfədir ki,
Azərbaycanın tam ərazi bütövlüyü şəraitində qeyd edildiyini diqqətə
çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin möhkəm iradəsi ilə
44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfərin işığında və
ondan sonra aparılmış uğurlu əməliyyatlar sayəsində qazanılmış tam
ərazi bütövlüyü həm Azərbaycan, həm də Türk dünyası üçün böyük
əhəmiyyətə malik tarixi hadisədir. O, ölkəmizin tam ərazi bütövlüyü
şəraitində keçirilən bütün tədbirlərin, eləcə də bugünkü festivalın
qarşımızda yeni tarixi dövrün açılmasına kitabın, mədəniyyətin və
elmin də xidmət edəcəyinə inamı, ümidləri artırdığını deyib.

Akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidenti İlham
Əliyevin andiçmə mərasimindəki çıxışı zamanı Türk dünyası ilə
əməkdaşlığı dövlət siyasətində əsas prioritet kimi
müəyyənləşdirdiyini və Türk Dövlətləri Təşkilatını vahid bir ailə
kimi təsvir etdiyini bildirib. O, indiki tarixi mərhələnin Türk
dünyası ilə inteqrasiyanın genişlənmə imkanlarının daha da
möhkəmlənməsinə xidmət etdiyini söyləyib.

AMEA rəhbəri vurğulayıb ki, III Türk Dünyası Ədəbiyyat və Kitab
Festivalı Türk dünyası ilə əlaqələrin genişlənməsi zərurətinin
meydana qoyulduğu indiki zamanda bu inteqrasiyanın daha da
inkişafına sanballı töhfədir.

Ötənilki festivalda AMEA-nın kollektivinin ölkəmizin digər
ziyalıları ilə birgə yaxından iştirak etdiyini xatırladan akademik
İsa Həbibbəyli Azərbaycan alimlərinin bir həftə ərzində elmimizin
nailiyyətlərini Türk dünyasına çatdırdığını, eyni zamanda, Türk
dünyasının elmi-mədəni, ədəbi mühitində gedən prosesləri yaxından
izlədiyini bildirib.

Akademik İsa Həbibbəyli Türk Dünyası Ədəbiyyat və Kitab
Festivalının ölkəmizdə ziyalı mühitinin, eləcə də Azərbaycan
elminin və mədəniyyətinin inkişaf etdirilməsi baxımından əlamətdar
hadisə olduğunu vurğulayıb.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin
deputatı, akademik Nizami Cəfərov Türk dünyasının ədəbi
zənginliyindən danışıb, festivalın türk tarixi və mədəniyyətinin
təbliğinə xidmət etdiyini diqqətə çatdırıb.

O, həmçinin vaxtilə Ulu Öndər Heydər Əliyevin Türk dövlətləri
başçılarının ikinci Zirvə toplantısında çıxışı zamanı səsləndirdiyi
“Bizim mədəni birliyimizi siyasi birliyimiz tamamlamaqdadır”, –
sözlərini xatırladıb. Ötən illər ərzində Türk dünyasının möhkəm
siyasi birliyinin meydana gəldiyini söyləyən akademik Nizami
Cəfərov ədəbiyyatın və kitabın Türk dünyasının birliyində əsas
şərtlərdən biri olduğunu deyib. Bildirib ki, ədəbiyyatda dil,
düşüncə, qədim eposlar, dastanlar, kütləvilik, hər bir türk
insanının fikrini ifadə etmək qabiliyyəti var.

Akademik Nizami Cəfərov, həmçinin son zamanlar ortaq türk
əlifbasının yaradılması ilə bağlı müzakirələrin aparıldığını və
bunun dövrün çağırışı olaraq mühüm əhəmiyyət kəsb etdiyini
vurğulayıb.

O, ictimai-siyasi və ədəbi yaradıcılıq baxımından ciddi əsaslara
dayanan festivalın işinə uğurlar diləyib.

Tədbirdə Beynəlxalq Türk Akademiyasının təmsilçisi Əbülfəz
Süleymanlı, TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı,
TİKA Bakı proqram koordinatoru Hayrettin Özçelik, Türkiyənin
Azərbaycandakı səfirliyinin Mədəniyyət və tanıtma müşaviri Muhittin
Macit, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı
çıxış edərək festivalın böyük söz bayramı olduğunu, türk xalqları
arasında ədəbi-mədəni əlaqələri gücləndirəcəyini və gənc nəslin
Türk dünyasının böyük şəxsiyyətlərini tanımasına yardım edəcəyini
vurğulayıblar.

Festival ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Qeyd edək ki, türksoylu ölkələrdən alimlərin, qələm adamlarının,
naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr,
kitab təqdimatları, konfranslar, konsert proqramları ilə yanaşı,
görkəmli ədiblərin yubileylərinə həsr olunan tədbirlər də təşkil
olunacaq. Eyni zamanda, müxtəlif nəşriyyatların yeni nəşrləri
təqdim ediləcək.

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı mayın 31-dək davam
edəcək.