Advertisement

İsveçdə Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunan konfrans keçirilib

Bakı. Trend:

İsveçdə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri
Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş
konfrans keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.

Bildirilib ki, İsveçdəki “Qobustan” Aydınlar ocağının
təşkilatçılığı ilə Stokholmda keçirilən konfransda bu ölkədə
fəaliyyət göstərən müxtəlif dərnək və icmaların təmsilçiləri ilə
yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın İsveçdəki
səfirliyinin əməkdaşları, Stokholm ictimaiyyətinin nümayəndələri,
M.Ə.Rəsulzadənin ailə üzvü Dr.Nazim Rəhimov, AMEA Şərqşünaslıq
İnstitutunun professoru Solmaz Rüstəmova-Tohidi, BDU-nun
professoru, jurnalist Qulu Məhərrəmli iştirak ediblər.

“M.Ə.Rəsulzadə irsi Azərbaycanın mədəni və ictimai fikir
tarixində” mövzusunda keçirilən konfransı “Qobustan” Azərbaycan
Aydınlar Ocağının sədri Səadət Kərimi açdıqdan sonra Azərbaycanın
Dövlət Himni səslənib, Vətənimizin bütövlüyü uğrunda canlarını
qurban vermiş şəhidlərin xatirəsi yad edilib. Prezident İlham
Əliyevin “M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd
olunması haqqında” sərəncamı oxunub.

Azərbaycanın İsveç Krallığındakı səfirliyinin müşaviri Cavanşir
Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin əhəmiyyəti və
rolu barədə məlumat verib. Daha sonra Diasporla İş üzrə Dövlət
Komitəsinin şöbə müdiri Leyla Həmzəyeva çıxış edərək Prezident
İlham Əliyevin M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd
edilməsi haqqında 30 dekabr 2023-cü il tarixli Sərəncamının
Azərbaycanda Cümhuriyyətə olan diqqət və dəyərin təcəssümü olduğunu
bildirib. 2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti
İli” elan edildiyi və prezidentin “Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamına
əsasən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü
ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata
keçirildiyi diqqətə çatdırılıb.

Konfransda AMEA-nın Şərqşünaslıq institutunun əməkdaşı,
professor Solmaz Rüstəmova-Tohidi iştirakçıların geniş marağına
səbəb olan “Rəsulzadə və Azərbaycan milli dövlətçiliyi” mövzusunda
məruzə ilə çıxış edib. Konfransda həmçinin “Rəsulzadənin virtual
Ev-Muzeyi” videosu, xalq artisti Alim Qasımovun ifasında “Məhəmməd
Əmin” musiqi parçası, həmçinin “Bütöv Azərbaycan” qısa filmi
nümayiş etdirilib. Sonda Rəsulzadələr ailəsi adından çıxış edən Dr.
Nazim Rəhimov elmi konfransın təşkilatçılarına öz təşəkkürünü
bildirib.