
Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə
növbəti köç karvanı yola salınıb.
Trend xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana,
sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati
binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı
mayın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu
mərhələdə Şuşa şəhərinə 32 ailə – 125 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində
məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə
doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan
Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,
ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 90 ailənin, yəni 349
nəfərin daimi məskunlaşması təmin edilib.





























