Advertisement

XI Qlobal Bakı Forumu çərçivəsində səhiyyə naziri ilə BMT-nin Baş katibinin müavini ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycanın paytaxtında martın 14-16-da XI Qlobal Bakı Forumu
keçirilir.

Trend xəbər verir ki, forum
çərçivəsində səhiyyə naziri Teymur Musayevlə Birləşmiş Millətlər
Təşkilatının (BMT) Baş katibinin müavini, BMT-nin İnsanın
İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu
üzrə Birgə Proqramının (UNAIDS) İcraçı direktoru xanım Vinni
Byanyima arasında görüş keçirilib. Görüşdə UNAIDS-in Asiya-Sakit
Okean, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Dəstək
Qruplarının Direktoru İmonn Merfi də iştirak edib.

Qonaqları salamlayan Teymur Musayev Qlobal Bakı Forumunda
iştirak etdiyinə görə BMT-nin Baş katibinin müavininə təşəkkürünü
bildirib.

“Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, XI
Qlobal Bakı Forumunun da beynəlxalq gündəlikdə duran vacib
məsələlərin müzakirəsi baxımından mühüm platformadır. Hazırda
dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda bu tədbirin
nəticəyönümlü olması istiqamətində həm mahiyyət, həm də təşkilati
nöqteyi-nəzərdən hazırlanması baxımından bütün lazımi tədbirlər
həyata keçirilir”, – deyə nazir əlavə edib.

Öz çıxışında Teymur Musayev Azərbaycanın BMT-nin aidiyyəti
institutları ilə yaxından əməkdaşlıq etdiyini və onların
fəaliyyətini dəstəklədiyini da diqqətə çatdırıb.

Nazir həmçinin, Azərbaycanın İİV/QİÇS-lə yoluxma səviyyəsi aşağı
olan ölkələr sırasında yer aldığını qeyd edib. Onun sözlərinə görə,
Azərbaycanda 2006-cı ildən etibarən İİV-lə mübarizədə milli
strateji istiqamətlərin qorunub saxlanılması üçün UNAIDS/ÜST-nin
dəstəyi ilə hər 5 ildən bir Nazirlər Kabinetinin “İİV/QİÇS-lə
mübarizə üzrə Tədbirlər Proqram”ları qəbul olunur: “Tədbirlər
Proqramının məqsədi Azərbaycanda İİV infeksiyasının yayılma
səviyyəsinin aşağı salınması, İİV-lə yaşayan insanların ömrünün
uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır”.

Sonda Teymur Musayev dünyada İİV/QİÇS-in təsirləri ilə mübarizə
aparmaq və onları azaltmaq üçün davam edən birgə səylərin, həmçinin
potensial əməkdaşlıq imkanların mövcudluğunu qeyd edib.

Öz növbəsində Vinni Byanyim ötən il Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevlə görüşünü və yubiley Qlobal Bakı Forumunda
iştirakını xatırladıb. O, Bakıda keçirilən forumun hər zaman çox
yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Birləşmiş Millətlər
Təşkilatının (BMT) Baş katibinin müavini Azərbaycanın səhiyyə
sahəsində, o cümlədən yoluxucu xəstəliklər və AİDS-ə qarşı
mübarizədə qazandığı uğurları qeyd edərək, bu xüsusda davamlı
inkişaf məqsədlərinin həyata keçirilməsində ciddi nailiyyətlərin
əldə olunduğunu bildirib.

Görüşdə tərəflər digər qarşılıqlı maraq kəsb edən məsələlərə
dair fikir mübadiləsi aparıblar.