Advertisement

Mərkəzi Gömrük Hospitalında Hepatit B virusuna qarşı Engerix-B Adult 20 peyvəndi ilə vaksinasiya aparılır

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalında tibb heyətinin və
həkim-rezidentlərin Hepatit B virusuna qarşı “GlaxoSmithKline”
şirkətinin istehsalı olan Engerix-B Adult 20 peyvəndi ilə
vaksinasiyası aparılır. Risk qrupunda olan insanların Hepatit B
virusuna yoluxmasının qarşısını almaq üçün vaksinasiya ən səmərəli
üsullardan biridir. Uşaqlarda Hepatit B virusuna qarşı vaksinasiya
nəticəsində formalaşan immunitet ən azı 15-20 illik müddətinə
qoruyuculuğa malikdir. Böyüklərin vaksinasiyası zamanı insanlarda
Hepatit B virusuna qarşı orqanizmin müdafiə gücünün yüksəldilməsi
baş verir. Virusa qarşı anticisimlər vaksinasiyadan 2-3 həftə sonra
artıq formalaşır və ən azı 30 il müddətinə orqanizmi qoruyur.

Son yüzillikdə bir çox xəstəliklərin zərərini vaksinlər
vasitəsilə azaltmaq mümkün olmuşdur. Peyvəndlərin vaxtında və
düzgün aparılması xəstəliklərin profilaktikasında önəmli yer tutur.
Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov hazırda
yayılmaqda olan bir sıra infeksiyaların qarşısını almağın mümkün
olduğundan danışaraq, deyib: “Yayılan bir sıra infeksiyaların
qarşısının alınmasının ən effektiv yolu peyvəndləmə və yaxud
vaksinasiyadır. Hamımıza məlumdur ki, bütün yenidoğulmuşlara və
sonradan uşaqlara müxtəlif yaşlarında peyvəndləmə kampaniyaları
aparılır və Azərbaycanda da insanlar digər ölkələrdə olduğu kimi,
çox aktiv olaraq peyvəndləmədə iştirak edirlər.

Düzdür, pandemiya ilə əlaqədar olaraq bütün dünyada və o
cümlədən Azərbaycanda peyvəndləmədə bir sıra problemlər yaranmışdı,
uşaqların bir qismi obyektiv və subyektiv səbəblərdən
vaksinasiyadan kənarda qalmışdı. Bunun nəticəsi olaraq son bir ildə
qızılca kimi infeksiyaların yenidən baş qaldırması ilə
qarşılaşırıq. Buna görə də vaksinasiya prosesi mütəmadi davam
etməlidir.

Vaksinasiya xəstəliklərin qarşısını almağa, xəstəlikdən yaranan
fəsadların, ağırlaşmaların qarşısının alınmasında effektiv nəticə
göstərir. Elə infeksiyalar var ki, onlara yoluxmaq ehtimalı,
xüsusilə də, müəyyən peşə sahibləri arasında daim yüksəkdir.
Hepatit B-yə qarşı müəyyən yaşlarda vurulan peyvəndlər uzun illər
bu xəstəliyə qarşı immunitet yaradır. Bəzən 25 yaşdan sonra bu
virusa yoluxma halları artır. Azərbaycanda Hepatit B-yə qarşı
vaksinlər var və bu xəstəliyə qarşı ən effektiv mübarizə üsulu
sayılır. Bu peyvənd vurulduqda həm Hepatit B-yə yoluxma baş vermir,
həm də əgər insan artıq yoluxubsa, vaksin ağır fəsadlardan onu
qoruya bilir. Tibb müəssisələrində çalışan isnanların bu
infeksiyalara yoluxma ehtimalı daha yüksək olduğundan, onların da
vaxtında peyvənd alması çox vacibdir”.

Dr.Nabil Seyidov qeyd edib ki, Hospitala yeni gələn
həkim-rezidentlər, tibb bacıları və digər əməkdaşlar yoxlanılır,
lazım olduqda hepatit B-yə qarşı peyvənd təklif olunur və onların
immun sisteminin möhkəmləndirilməsi üçün vaksinasiyadan keçirlər.
Bu kampaniya hazırda davam edir. Nabil həkim çıxışının sonunda son
vaxtlar qızılcanın, pnevmoniyanın yayılmasını vurğulayaraq,
valideynləri uşaqlarını qorumaq üçün peyvəndləməyə çağırıb.