Bakı. Trend:
Bu ilin yanvar-aprel ayları ərzində narkomanlığa və narkotik
vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu
tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan
Trend-ə verilən məlumata görə,
hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata
keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində
ümumilikdə 3796 cinayət faktı aşkarlanıb. Onlardan 1069-u narkotik
vasitələrin qanunsuz satışı, 2701-i narkotik vasitələrin qanunsuz
əldə edilib saxlanılması, 25-i narkotik tərkibli bitkilərin
qanunsuz əkilib becərilməsi, 1-i isə digər cinayətlərlə bağlı
olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə
müsadirə olunmuş 2 ton 262 kiloqram 740,326 qram narkotik
vasitələrin və psixotrop maddələrin 336 kiloqram 272,118 qramını
heroin, 1 ton 725 kiloqram 753,709 qramını marixuana, 60 kiloqram
267,327 qramını tiryək, 26 kiloqram 557,101 qramını həşiş, 105
kiloqram 521,551 qramını psixotrop maddələr, 8 kiloqram 368,52
qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən
dövr ərzində 9190 ədəd metadon həbi, 138 ədəd çətənə kolu və 236,1
qram güclü təsir edən maddə qanunsuz dövriyyədən çıxarılıb.
Bu ilin yanvar-aprel ayları ərzində qanunsuz dövriyyədən
çıxarılmış 2 ton 262 kiloqram 740,326 qram narkotik vasitələrin və
psixotrop maddələrin ümumilikdə dəyəri 64 milyon 844 min manat kimi
qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət
məsuliyyətinə 2150 nəfər cəlb edilib. Onlardan 2090-ı kişi, 60-ı
qadın olub. Cinayət məsuliyyətinə cəlb edilənlərdən 28 nəfəri
xarici ölkə vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə
99 kiloqram 587,468 qram müxtəlif növ narkotik vasitə və psixotrop
maddə götürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və
psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə
gətirilməsi ilə bağlı 74 fakt aşkar edilib, həmin faktlar üzrə
qanunsuz dövriyyədən ümumi çəkisi 777 kiloqram 612,157 qram
narkotik vasitə və psixotrop maddə, 9190 ədəd metadon həbi
çıxarılıb.
Ümumilikdə aşkar edilmiş cinayətlərin 84-ü qrup halında
törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 579
kiloqram 340,76 qram narkotik vasitə və psixotrop maddə və 4,6 qram
güclü təsir edən maddə müsadirə edilib. 717 cinayət faktı əvvəllər
məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 401
kiloqram 714,9 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə
müsadirə edilib.
Təhlil göstərir ki, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə
bu ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları
tərəfindən aşkar edilməsi 196, narkotiklərin qanunsuz satış ilə
bağlı faktların sayı 261, narkotik xassəli bitkilərin qanunsuz
kultivasiya edilməsi ilə bağlı faktların sayı 13, digər növ cinayət
faktların sayı 27, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 25 fakt,
qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin çəkisi 849
kiloqram 469,288 qram, məsuliyyətə cəlb edilənlərin sayı isə 407
nəfər azalıb.
Narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib
saxlanılması ilə əlaqədar faktların sayı 105 fakt, qrup halında
olan cinayətlərin sayı isə 4 fakt artıb.
Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının
müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji
Mərkəzinə 27 min 180 nəfər istiqamətləndirilib. Onlardan
narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi
müayinədən keçirilən 835 nəfərdən 562 nəfərinin istifadəçi olması
müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin
edilib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən
ölkədə narkomanların Qanda İmmun Çatışmazlığı Virusuna (QIÇS) yeni
yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 4 ay
ərzində İİV-ə 536 nəfər yoluxub. Onlardan 526 nəfəri Azərbaycan
vətəndaşı, 10 nəfəri isə əcnəbi olub. Azərbaycan vətəndaşları
arasında 33 nəfəri (6,3%-i) inyekson narkotik istifadəçiləri
olub.
“802” qaynar xətt telefon zəng xidmətinə 148 vətəndaş müraciəti
daxil olub ki, onların 47-i narkotik vasitələrin qanunsuz
dövriyyəsi, 53-ü narkotik asılılıqdan müalicə, 48-i isə digər
məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah
edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub.
Həmin müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti
orqanlara 100 məktub ünvanlanıb.
802 – “qaynar xətt” zəng xidməti vasitəsilə narkotik vasitələrin
və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti
təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə
təmin edilərək narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair
verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və
qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr çıxarılıb,
narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış
tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan
əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin
müddəaları izah edilərək zəruri tövsiyələr verilib.





























