
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın əsas
hədəflərindən biri azad edilmiş ərazilərə qayıdan vətəndaşların
məşğulluğunun təmin edilməsidir.
Trend xəbər verir ki, bu
barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatında
bildirilib.
Qeyd edilib ki, öz doğma yurd-yuvalarına qayıdacaq keçmiş
məcburi köçkünlərin məşğulluq imkanlarının genişləndirilməsi
məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində,
Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərinə
köçməyə hazırlaşan sakinlərin bir qrupunun işlə təmin olunması
barədə müraciətlərinə baxılıb.
Xankəndi şəhərində təşkil olunan tədbirdə Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyinin sədrinin müşaviri Etibar Məmmədov bildirdi
ki, öz dədə-baba yurdlarına qayıdan insanların məşğulluğu əsas
prioritetlərdən biri elan edilib və bununla bağlı möhtərəm
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Agentliyin
Qarabağ Regional Sukanal İdarəsi, eləcə də Xankəndi Sukanal Sahəsi
yaradılıb. İdarənin işçi heyətinin komplektləşdirilməsi zamanı
işğaldan azad olunmuş şəhərlərin və rayonların sakinlərindən daxil
olan müraciətlərə xüsusi həssaslıqla yanaşılır. Bu gün Xankəndi
şəhərində təşkil olunan görüşdə məcburi köçkünlərin bir qrupunun
müraciətinə baxılır və onlar ixtisaslarına və peşələrinə uyğun işlə
təmin olunacaq.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan
Respublikası Perzidentin xüsusui nümayəndəsi Elçin Yusubov bildirdi
ki, Xankəndində ilk dəfədir təşkil olunan tədbirdə Xankəndi
sakinlərinin bir qisminin işlə təmin olunması “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramı”nın icrasına müsbət töhfələr verəcək. Doğma
yurdlarına geri qayıdan insanların məşğulluğunun təmin olunması
əsas məsələlərdən biridir və Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyinin dövlət qurumları arasında göstərdiyi ilk təşəbbüs
təqdirəlayiqdir.
Görüşdə 10 nəfər Xankəndi sakininin müraciətlərinə baxılıb,
onlar ixtisaslarına və peşə bacarıqlarına uyğun olaraq Azərbaycan
Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sunkanal
İdarəsinin Xankəndi Sukanal Sahəsində işlə təmin olunublar.





























