
Bakı. Trend:
Azərbaycan Avtomobil Federasiyasının, “Caspian Event Organisers”
və “Bakı Şəhər Halqası” Əməliyyat şirkətlərinin birgə
təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Bakı Sürət Festivalı”
keçirilib.
Trend xəbər verir
ki, festival çərçivəsində avtomobil sərgisi təşkil edilib. Sərgidə
müxtəlif brend avtomobillərin test-drayvı olub.
Ən yaxşı drift pilotlarının ekstremal şəraitdə öz bacarıqlarını
və sürücülük məharətlərini göstərdikləri drift şousu festivalın
tamaşaçıları tərəfindən maraqla qarşılanıb. Onlar avtomobil
sənayesinin aparıcı istehsalçılarının ən son yeniliklərini kəşf
etmək imkanı qazanıblar.
Tədbirdə bütün dünyada çoxsaylı pərəstişkarları cəlb edən
dinamik yürüşləri ilə tanınan “Legend Cars Challenge Baku” yarışı
da keçirilib. Yarışda 1930-1940-cı illərin klassik ABŞ üslubunda
hazırlanmış avtomobillərdən istifadə olunub. Güclü “Yamaha”
motosiklet mühərrikləri ilə təchiz edilmiş bu avtomobillər sürətli
və manevr qabiliyyəti ilə seçilir.
İdman üslubunda hazırlanmış klassik avtomobillərin xüsusi
quraşdırılmış trasda yarışı olub. Maraqlı və gərgin idman
mübarizəsi şəraitində keçən “Legend Cars Challenge Baku” yarışının
qalibi Elçin Həsənov olub. Murad Həsənov ikinci, Gülhüseyn
Abdullayev isə üçüncü yeri tutublar.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Mükafatları qaliblərə Azərbaycan Avtomobil Federasiyasının
prezidenti Anar Ələkbərov, “Bakı Şəhər Halqası” Əməliyyat
Şirkətinin baş direktoru Maqsud Fərzullayev və Qarabağ Dirçəliş
Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdim ediblər.
Qeyd edək ki, festivalın məqsədi regionda avtomobil idmanını
populyarlaşdırmaq, eləcə də avtomobil sənayesində son nailiyyətləri
nümayiş etdirmək üçün platforma yaratmaqdır.





























