Advertisement

DYP təhlükəsizlik qaydaları ilə bağlı sürücülərə müraciət etdi

Bakı. Trend:

Təhlükəsizliyimizə etinasız yanaşma bərpası olmayan itkilərə yol
aça bilər.

Trend xəbər verir ki, bu
barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda
deyilir.

Qeyd olunub ki, məcburi dayanma zamanı sürücülərin təhlükəsizlik
qaydalarına riayət etməməsi, qeydə alınan ağır yol-nəqliyyat
hadisələrinin səbəbləri içərisində xüsusilə diqqət çəkir:

“Problemin aktuallığını nəzərə alaraq, bir daha sürücülərin
diqqətinə çatdırırıq ki, məcburu dayanma zamanı mütləq qaydada
zəruri təhlükəsizlik tədbirləri görülməli, o cümlədən qəza dayanma
nişanı qurulmalı, qəza işıq siqnalı yandırılmalı, yaxud yanıb-sönən
qırmızı işıq fənəri qoyulmalı, yol-nəqliyyat hadisəsi zamanı başqa
nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda isə hadisəni
sənədləşdirməyə imkan verən qeydlər aparmaqla yolun hərəkət hissəsi
boşaldılmalıdır.

Xatırladaq ki, qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa
tərəfində, zərurət olduqda isə, həm də qabaq tərəfində, həmin
zolaqda, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə
quraşdırılmalıdır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin
sürücüləri onu kifayət qədər məsafədən görə bilsin. Yaşayış
məntəqələrində hərəkət intensiv olduqda, qəza dayanma nişanı daha
yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə
qoyula bilər. Bunun üçün yanıb-sönən qırmızı işıqlı portativ
fənərdən də istifadə edilə bilər”.