Advertisement

Bu gün DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir

Bakı. Trend:

Mayın 26-da Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas
qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.

DİM-dən Trend
bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax,
Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə,
Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad,
Masallı, Quba və Xaçmazda təşkil edilir.

İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi
başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına
buraxılmayacaq.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün
binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan
iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona
görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda
gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri
gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 200 imtahan
binası, 3644 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına
200 ümumi imtahan rəhbəri, 594 imtahan rəhbəri, 4539 nəzarətçi, 646
buraxılış rejimi əməkdaşı, 200 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imtahanda 23874, III ixtisas qrupu üzrə
imtahanda isə 25104 nəfər olmaqla, ümumilikdə 48978 abituriyentin
iştirakı nəzərdə tutulur.

İmtahanda 64 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,
serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak
edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan
binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının
81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş
şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli
abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də
şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud
iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim
keçirilib.