
Bakı. Trend:
Martın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
tərəfindən (AHİK) qarşıdan gələn Novruz bayramı münasibətilə
respublikanın regionlarında yaşayan 4200
aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla
yüklənmiş avtomobil karvanı yola salınıb.
Bundan başqa, ötən gün Naxçıvan Muxtar Respublikasında yaşayan
həmin kateqoriyadan olan 1200 ailəyə də bayram
sovqatı verilib.
Sahə həmkarlar ittifaqları və onların yerli təşkilatları da bu
ərəfədə bütün bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan
ailələrə ərzaq yardımları göstərirlər.
Qeyd edək ki, AHİK və üzv təşkilatları tərəfindən 2020-ci ildən
indiyə kimi yardım göstərdiyi ailələrin sayı 120 mini ötüb.
Yola salınma mərasimində iştirak edən AHİK sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev jurnalistlərə bildirib ki, həmkarlar
ittifaqları hər zaman həssas əhali qruplarına qayğı ilə yanaşır,
bütün bayramlarda, digər əlamətdar günlərdə onların sosial
ehtiyaclarının ödənilməsi üçün müxtəlif tədbirlər həyata keçirir, o
cümlədən sovqatlar, hədiyyələr verir: “Bu, bizdə ənənə halını alıb.
Qarşıdan xalqımızın ən qədim el bayramı olan Novruz gəlir. Gəlişi
ilə sevinc və şadlıq gətirən Bahar bayramı müstəqil, suveren və
xoşbəxt Vətənimizin hər guşəsində xoş ovqatla, böyük təmtəraqla
qeyd olunur. Artıq son illərdir əzəmətli Qələbəmizin sevinci
Novruza bayramını daha da təravətləndirib. Ulu Öndərin vaxtı ilə
böyük uzaqgörənliklə səsləndirdiyi “Gün o gün olacaq ki, Novruz
bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə,
Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik”
fikirləri bu gün artıq realdır. Düşməndən təmizlənmiş Şərqi
Zəngəzurda və Qarabağda bayram tonqalları alovlanır, sakinlər öz
yurdlarında, onlar üçün yeni tikilmiş evlərdə bayram keçirirlər.
Təbii ki, bu Zəfəri bizə yaşadan şəhidlərimizi unuda bilmərik,
onların ailələrinə hər zaman dəstək olmalıyıq. Sovqat göndərdiyimiz
ailələr içərisində şəhid ailələri də var. Sözsüz ki, dövlətimiz
onlara hərtərəfli dəstək olur, bütün qayğılarını qarşılayır.
Həmkarlar ittifaqları olaraq biz də çalışırıq ki, onların bayramını
təbrik edək, süfrələrini bəzəyək. Bu, hər birimizin müqəddəs
borcudur”.
“Mən bu sahədə Heydər Əliyev Fondunun hər bir ictimai təşkilat
və şəxs üçün nümunə olan fəaliyyətini qeyd etmək istərdim. Fondun
prezidenti Mehriban xanım Əliyevanın xüsusi himayəsi ilə icra
olunan sosial dəstək proqramları cəmiyyətdə böyük razılıqla
qarşılanmaqla yanaşı, insanların qayğılarını azaldır, onların
rifahını yüksəldir. Heydər Əliyev Fondunun bu nəcib missiyaları,
vətəndaşımızın sosial problemlərinin həllinə yardımçı olması
hörmətli Mehriban xanıma olan ümummilli inam daha da yüksəldib. Bu
gün Fond Qarabağ və Şərqi Zəngəzurun bərpasında yaxından iştirak
edərək dövlətimizə bu işdə yaxından dəstək olur və əminik ki,
Mehriban xanım Əliyevanın bu şərəfli missiyası da uğurla
yekunlaşacaq”, – Səttar Möhbalıyev müsahibədə vurğulayıb.





























