Bakı. Trend:
Mayın 26-da qonşu ölkələrin ərazisində Debet çayının hövzəsinə
yağan leysan yağışları nəticəsində çaydan güclü sel keçib və
hazırda davam etməkdədir.
Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin
rəisi Nazim Hikmətov bildirib.
Onun sözlərinə görə, Debet çayının Kür çayına töküldüyü nəzərə
alınaraq, eyni zamanda, qonşu Gürcüstan ərazisində Kür çayının
hövzəsinə yağan leysan yağışları nəticəsində çayın Tiflis
məntəqəsində səviyyənin kəskin artması müşahidə olunur: “Bununla
əlaqədar olaraq, 26-28 may tarixlərində Kür çayının Qıraqkəsəmən
məntəqəsində səviyyənin artacağı və çayın Qazax, Ağstafa, Tovuz
rayonlarından keçən bəzi hissələrində subasma olacağı istisna
olunmur”.
Nazim Hikmətov qeyd edib ki, yaranmış vəziyyətlə əlaqədar olaraq
Qazax, Tovuz, Ağstafa rayonları ərazisində yaşayan əhalinin
diqqətli olmaları xahiş olunur və sahillərdən məsafə saxlamaları
tövsiyə edilir.





























