
Bakı. Trend:
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) məqsədi
beynəlxalq standartların köməyilə insanların həyatını
yaxşılaşdırmaqdır.
Trend xəbər
verir ki, bu barədə İSO-nun potensialın genişləndirilməsi şöbəsinin
rəhbəri Erik Kiek Bakıda inkişaf etməkdə olan ölkələrin milli
standartlaşdırma orqanları üçün “Liderlik və İdarəetmənin İnkişafı
Proqramı” mövzusunda keçirilən regional seminarın açılışında
deyib.
“Hazırda sürətlə dəyişən mühitdə öyrəndiyimizdən, fikrimcə,
dəyişikliklərə istiqamətlənmək və yeni imkanlardan istifadə etməkdə
liderlərimizin rolu çox vacibdir. Bu qeyri-müəyyənlik dövründə
standartların tərtibatçıları beynəlxalq standartların köməyilə
vəziyyəti yaxşılığa doğru dəyişə bilər. Əlbəttə ki, ISO olaraq
məqsədimiz beynəlxalq standartların köməyilə insanların həyatını
daha asan, təhlükəsiz, daha yaxşı etməkdir”, – deyə o bildirib.
Erik Kiek 2024-cü ilin noyabrında Azərbaycanda keçiriləcək COP29
konfransının vacibliyini də qeyd edib.
Qeyd edək ki, seminar Azərbaycan Standartlaşdırma və
Sertifikatlaşdırma İnstitutunun (ASSİ) dəstəyi ilə Beynəlxalq
Standartlaşdırma Təşkilatı tərəfindən təşkil olunub.
Seminarda Albaniya, Azərbaycan, Baham adaları, Burkina-Faso,
Beliz, Butan, Kolumbiya, Qana, Yunanıstan, Keniya, Monqolustan,
Qətər, Ruanda, Səudiyyə Ərəbistanı Krallığı, Yəmən, İsveçin milli
standartlaşdırma orqanlarının rəhbər işçiləri iştirak edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























