
Bakı. Trend:
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) öz potensialını
artırmaq prosesindədir.
Trend xəbər
verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar
Həsənov Bakıda inkişaf etməkdə olan ölkələrin milli
standartlaşdırma orqanları üçün “Liderlik və İdarəetmənin İnkişafı
Proqramı” mövzusunda keçirilən regional seminarın açılışında
deyib.
“Hazırda AZSTAND mütəxəssislərin potensialının artırılmasına və
səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirir, çünki bu
seminarın Bakıda təşkili çox vacibdir”, – deyə o bildirib.
O, həmçinin, hazırda Azərbaycanda standartlaşdırma sahəsində
mövcud qanunvericiliyin yenidən gözdən keçirilməsi üzrə işlərin
görüldüyünü və beynəlxalq tələblərə uyğun olaraq keyfiyyət
infrastrukturu sisteminin inşa olduğunu qeyd edib.
“Beynəlxalq təşkilatlarda iştirakımızı möhkəmləndiririk, bu
səbəbdən ISO və regionun digər təşkilatları ilə fəal əməkdaşlıq
edirik. Mütəxəssislərimiz bir neçə texniki komitədə təmsil olunur”,
– deyə o əlavə edib.
Qeyd edək ki, seminar Azərbaycan Standartlaşdırma və
Sertifikatlaşdırma İnstitutunun (ASSİ) dəstəyi ilə Beynəlxalq
Standartlaşdırma Təşkilatı tərəfindən təşkil olunub.
Seminarda Albaniya, Azərbaycan, Baham adaları, Burkina-Faso,
Beliz, Butan, Kolumbiya, Qana, Yunanıstan, Keniya, Monqolustan,
Qətər, Ruanda, Səudiyyə Ərəbistanı Krallığı, Yəmən, İsveçin milli
standartlaşdırma orqanlarının rəhbər işçiləri iştirak edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























