Advertisement

Səhiyyə Nazirliyinin nümayəndə heyəti Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyasında iştirak edir

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrə Konfederasiyasının
Cenevrə şəhərində yerləşən mənzil qərargahında mayın 27-də
Ümumdünya Səhiyyə Assambleyasının 77-cı sessiyasının açılış
mərasimi keçirilir. Builki Səhiyyə Assambleyasının mövzusu “Bütün
səylər sağlamlıq naminə, hər kəs üçün sağlamlıq”dır.

Trend xəbər verir ki, Azərbaycan Respublikası Assambleyada
səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti
ilə təmsil olunur.

77-ci sessiya çərçivəsində Ümumdünya Səhiyyə Assambleyası
2025-2028-ci illər üçün iş proqramının layihəsini, vərəm və
poliomielit xəstəliyinin aradan qaldırılması strategiyasını,
diqqətdən kənarda qalan tropik xəstəliklərlə mübarizə üzrə yol
xəritəsini, dəyişən iqlim şəraitində sağlamlığın qorunması
tədbirləri və digər aktual məsələləri nəzərdən keçirəcək.

ÜST-nin əsas illik forumuna dəvət olunan 194 dövlətin
nümayəndələrinin diqqəti həmçinin pandemiyanın qarşısının
alınmasına dair Saziş üzrə 2021-ci ildən davam edən işlərə
yönələcək.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyasının sessiyası
çərçivəsində səhiyyə naziri Teymur Musayevin plenar iclasda çıxışı,
təşkilatın üzv ölkələrinin səhiyyə nazirləri ilə ikitərəfli
görüşləri və digər işçi tədbirlərin keçirilməsi planlaşdırılır.

Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası iyunun 1-də
yekunlaşacaq. Səhiyyə Assambleyası ÜST-nin siyasətini müəyyən edən
ali qərar qəbuledici orqanıdır.