Bakı. Trend:
Bakıda yerləşən “N” saylı hərbi hissənin sabiq qərargah rəisi
rüşvətə görə həbs edilib.
Trend-in etibarlı mənbədən əldə etdiyi məlumata görə, kapitan
rütbəsi ilə xidmət edən Vüsal Əliyev bir neçə hərbçidən rüşvət
alıb.
Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma)
maddəsi ilə ittiham verilib.
Cinayət işi Bakı Hərbi Məhkəməsində araşdırılıb.
V.Əliyev xidmətlərinə görə müxtəlif medallarla təltif edilib.
Həmçinin, o, Azərbaycanı Əfqanıstanda təmsil edən zabit kimi xidmət
edib. Müdafiə tərəfi bunları nəzərə alaraq məhkəmədən həbslə bağlı
olmayan cəza təyin edilməsini xahiş edib.
Məhkəmə təqsirləndirilən şəxsin xidmətlərini yumşaldıcı hal
hesab edib, ona münasibətdə cəza təyin edilərkən Cinayət
Məcəlləsinin 62-ci (sanksiya həddinin ən aşağı həddindən az cəza
təyin etmə) maddəsini tətbiq edib.
Hökmə əsasən, Vüsal Əliyev cəzasını ümumi rejimli cəzaçəkmə
müəssisəsində çəkməsi şərti ilə dörd il müddətinə azadlıqdan məhrum
edilib.





























