Advertisement

Bütövləşən müstəqil Azərbaycanımız (FOTO) – Trend.Az

Bakı. Trend:

Xətai rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP)
Xətai rayon təşkilatının və 59 saylı məktəbin birgə təşkilatçılığı
ilə bu mövzuda tədbir keçirilib

Trend xəbər verir ki, mayın
27-də Xətai rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası
(YAP) Xətai rayon təşkilatının və 59 saylı məktəbin birgə
təşkilatçılığı ilə 28 May-Müstəqillik Gününə həsr edilən
“Bütövləşən müstəqil Azərbaycanımız” mövzusunda tədbir
keçirilib.

Öncə məktəb şagirdlərinin ifasında Azərbaycanın müstəqillik
tarixini özündə əks etdirən bədii kompozisiya təqdim edilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar
Rəhimzadə bildirib ki, 28 may 1918-ci il xalqımızın azadlıq və
müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunub.
Azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən
əsrin əvvəllərində arzusuna qovuşdu. Bununla da Şərqdə ilk azad,
demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın
yarandığı dünyaya bəyan edildi. Müsəlman Şərqində ilk demokratik
respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik
sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın
milli oyanışı və dirçəlişinin məntiqi nəticəsi kimi meydana çıxıb.
Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət
quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər
qoydu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını
gücləndirdi.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin
ömrü uzun olmadı. Lakin bu, xalqımızın azad, müstəqil yaşamaq
istəyini söndürmədi, əksinə daha da alovlandırdı. 1991-ci il 18
oktyabr tarixində müstəqilliyimiz yenidən bərpa olundu. Lakin ilk
illərdə ölkədə xaosun, özbaşınalıqların hökm sürməsi Azərbaycanı
böyük faciələrlə üz-üzə qoydu. Azərbaycan bir dövlət olaraq
dünyanın siyasi xəritəsindən silinmək, müstəqilliyini itirmək
təhlükəsini yaşadı. Xalq bu çətin gündə də ümidini itirmədi.
Vətənini, xalqını canından artıq sevən, “Mənim üçün hər şeydən əziz
mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” söyləyən
Ümummilli Lider Heydər Əliyevin ölkəsinin, xalqının taleyinə biganə
yanaşmayacağına əmin idi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin
xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın
müstəqillik tarixinin yeni bir mərhələsinin başlanğıcı oldu.
Ümummilli Lider düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində
Azərbaycanı faciələrdən, təhlükələdən xilas etdi, müstəqilliyimizin
daimiliyinin, dönməzliyinin, sarsılmazlığının möhkəm təməlini
yaratdı. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl Azərbaycanı
Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə, ərazi
bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsinə qovuşdurdu.
Bu gün bayramlarımızı, tarixi günlərimizi bütün ölkə ərazisində
qeyd etməyimizdən böyük qürur hissi keçiririk. Milli qürurumuzun,
kimliyimizin rəmzi olan üçrəngli Bayrağımız tarixi sahibinə
qovuşmuş bütün torpaqlarımızda dalğalanır.

59 saylı məktəbin direktoru Fəzail Məmmədov Azərbaycanın
müstəqillik tarixinin zənginliyindən, Zəfər dolu səhifələrindən
geniş bəhs edib. Bildirib ki, tarixinə sahib çıxan xalq
yenilməzdir, məğlubedilməzdir. Ümummilli Lider Heydər Əliyevin və
onun layiqli davamçısı Prezident İlham Əliyevin əsas çağırışı bu
olub ki, gənclərimiz tariximizi yaxşı öyrənməli və təbliğində fəal
iştirak etməlidirlər. Azərbaycanın müstəqillik yolunun heç də hamar
olmadığını dərk etmək üçün ayrı-ayrı mərhələlərin müqayisəli
təhlilinə böyük ehtiyac vardır. Dövlətimizin başçısı İlham Əliyevin
Sərəncamı əsasında 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq
Cümhuriyyəti ili” elan edilməsi müstəqillik tariximizin
vərəqlənməsində, hər bir səhifəsinin oxunmasında, indiki və gələcək
nəsillərə çatdırılmasında mühüm rol oynadı.

Şəhid atası Meyvəddin Ramaldanov, şəhid anası Həcər İsmayılova,
şəhid atası Pərviz Umudlu çıxış edərək Azərbaycanın müstəqillik
tarixinin Zəfər dövründən danışıblar. Bildiriblər ki, 1993-cü ildə
xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin
hakimiyyətə qayıdışından başlanan inkişaf yolunun uğurları bugünkü
reallıqlarımızda özünün aydın ifadəsini tapır. Qürurla qeyd edirik
ki, bugünkü müasir müstəqil, qalib Azərbaycan Ulu Öndər Heydər
Əliyevin görmək istədiyi Azərbaycandır. Heydər Əliyev siyasətinin
layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycan Ordusu müstəqillik tariximizin şanlı
Zəfər səhifəsini yazdı. Tarixi Zəfərimizdən üç il sonra isə
Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq ərazi
bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi, Azərbaycan yeni
dövrə qədəm qoydu. Qanları, canları ilə tarix yazan şəhidlərimizin
bu gün ruhu şaddır. Azərbaycan Bayrağı işğaldan azad edilmiş bütün
torpaqlarımızda dalğalanır.

Sonda tədbirin təşkilatçısı Gültəkin Hacıyevaya Təşəkkürnamə,
təhsildə fərqlənən bir qrup şagirdə Fəxri fərmanlar təqdim
olunub.