Advertisement

Paytaxtda narkotik satışı ilə məşğul olan 21 nəfər tutulub

Bakı. Trend:

Nərimanov Rayon Polis İdarəsinin və ərazi polis şöbələrinin may
ayının əvvəlindən keçirdikləri əməliyyatlarla narkotik vasitələrin
qanunsuz dövriyyəsi ilə məşğul olan 21 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, qanunsuz
dövriyyədən 10 kiloqram müxtəlif növ narkotik vasitə çıxarılıb.

Saxlanılanlardan Vüqar Dadaşlı, Tehran İsmayılov və Əhməd
Aslanov paytaxt ərazisində narkotiklərin satışını təşkil ediblər.
Saxlanılanlar barəsində cinayət işləri başlanılıb. Tədbir zamanı
üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum
olunmuş Elbrus Hümbətovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 7 ədəd
patron və 1 ədəd daraq aşkarlanıb. Əməliyyatlar zamanı talama
cinayətləri törətdiyinə görə 5, Cinayət Məcəlləsinin müxtəlif
maddələri ilə axtarışda olan 15 nəfər tutulub.

Nərimanov rayonu ərazisində müxtəlif təyinatlı kəsici-deşici
alətlərin gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid
yaratması nəzərə alınaraq onların satışının qarşısının alınması
istiqamətində də silsilə tədbirlər görülüb.

Nəticədə soyuq silah hesab olunan alətlərin satışı ilə məşğul
olan 2 nəfər saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər
görülüb. Onlardan 62 ədəd xəsarət yetirmə təyinatlı alətlər
götürülüb.