Advertisement

Səhiyyə Nazirliyində Koreyanın aparıcı tibb universitetinin rəhbərliyi ilə görüş keçirilib

Bakı. Trend:

Səhiyyə Nazirliyində Koreyanın aparıcı tibb universitetlərindən
biri olan “Kyung Hee” Universitetinin rəhbərliyi ilə görüş
keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan
ilə Koreya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf
etdiyini vurğulayıb. Teymur Musayev, həmçinin iki ölkə arasında
səhiyyə sahəsində mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafı üçün
geniş potensialın olduğunu bildirib. Nazirin sözlərinə görə,
ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili
sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün
bütün imkanlar mövcuddur: “Koreya Respublikasında səhiyyə sahəsində
inkişaf etmiş sistem yaradılıb. Koreyalı mütəxəssislər təkcə
praktik fəaliyyətləri ilə deyil, həm də elmi işləri ilə bütün
dünyada tanınırlar. Burada xərçəng, dayaq-hərəkət sistemi, ürək,
qaraciyər və böyrək xəstəliklərinin müalicəsinin yeni üsulları
təkmilləşərək, tətbiq olunur”.

Sonda Azərbaycanın səhiyyə naziri ikitərəfli əməkdaşlığın uğurla
inkişaf edəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində “Kyung Hee” Universitetinin nümayəndələri də
Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında
maraqlı olduqlarını vurğuladılar. Diqqətə çatdırılıb ki, “Kyung
Hee” Universitet Sistemi ənənəvi Koreya təbabətində aparıcı məktəb
hesab olunur. Universitetə 23 bakalavr kollec, 1 ümumi
magistratura, 13 ixtisaslaşdırılmış magistr proqramı və 49 köməkçi
tədqiqat institutu daxildir.
Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə
razılığa gəliblər.