Advertisement

ADA Universitetinin biznesin idarəedilməsi üzrə təhsil proqramları beynəlxalq “ACBSP” akkreditasiyasını əldə edib

Bakı. Trend:

ADA Universitetinin Biznesin idarə edilməsi üzrə həm bakalavr
(BBA), həm də magistr (MBA) proqramları Biznes Fakültələri və
Proqramları üzrə Akkreditasiya Şurası (ACBSP) tərəfindən
akkreditasiya olunub. Bununla da ADA Universiteti “ACBSP”
akkreditasiyasına layiq görülən ilk Azərbaycan universiteti
olub.

Həmçinin, ADA Universitetinin Biznes proqramları “ACBSP”
akkreditasiyasını əldə etməklə dünyanın sözügedən keyfiyyət
nişanına malik 1000 ən yaxşı proqramları sırasına qoşulub.
Sözügedən akkreditasiya 2024-cü ildən başlayaraq on il müddətinə
etibarlı olacaq.

Bu akkreditasiya Universitetin müəllim və tələbə heyətinin
beynəlxalq təhsil mühitində və əmək bazarında işgüzar dəyərini
artırır.

Akkreditasiyanın tələbələrə verdiyi digər bir üstünlük də ondan
ibarətdir ki, məzunlar nəinki yerli, hətta xarici biznes mühitində
daha asanlıqla rəqabət üstünlüyü qazanırlar, eyni zamanda, onlar
işəgötürənlər tərəfindən beynəlxalq səviyyəli mütəxəssis kimi qəbul
edilirlər.

“ACBSP” beynəlxalq akkreditasiyası liderlik, strateji
planlaşdırma, maraqlı tərəflərlə əlaqələr, akademik proqramların
keyfiyyəti, pedaqoji heyətin keyfiyyəti və akademik dəstək
xidmətləri aspektləri kimi yeddi fərqli meyar üzrə çoxşaxəli
qiymətləndirməni ehtiva edir.

Xatırladaq ki, ADA Universiteti 2019-cu ildən etibarən “ACBSP”yə
üzvlük hüququ əldə edib. Lakin “ACBSP” tərəfindən akkreditasiyası
üçün monitorinq prosesi bu ilin fevral ayından etibarən başlayıb.
Bu məqsədlə “ACBSP”nin komissiya üzvləri ölkəmizə səfər edib, ADA
Universitetinin rəhbərliyi, administrativ və pedaqoji heyəti,
habelə tələbə və məzunları, işəgötürənləri ilə intensiv görüşlər
keçirib. Monitorinq nəticələri analiz edildikdən sonra
Akkreditasiya Şurası biznes proqramlarının “ACBSP” tərəfindən
müəyyən edilmiş beynəlxalq təhsil standartlarına cavab verdiyini
təsdiqləyib.

Qeyd edək ki, “ACBSP” 30 ildən çoxdur ki, qlobal biznes
proqramlarının akkreditasiyasında mükəmməlliyi təşviq edən və
bakalavriatdan doktoranturaya qədər bütün təhsil səviyyələri üçün
ixtisaslaşmış biznes akkreditasiyası təklif edən ilk
təşkilatdır.