Advertisement

Daha 15 ailə Şuşaya qayıdır (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə
növbəti köç karvanı yola salınıb.

Trend xəbər verir ki, respublikanın müxtəlif ərazilərində
yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və
inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç
karvanı mayın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Şuşa şəhərinə 15 ailə – 57 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində
məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə
doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan
Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,
ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 105 ailənin, yəni 406
nəfərin daimi məskunlaşması təmin edilib.