
Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 2-də I və IV ixtisas
qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı
keçiriləcək.
DİM-dən Trend-ə bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə,
Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir,
Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran,
Masallı və Xaçmazda təşkil olunacaq.
İştirakçılar mayın 22-dən etibarən Dövlət İmtahan Mərkəzinin
saytında “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilirlər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix,
şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan
binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat
10:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də
buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar
imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün
binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan
iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona
görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda
gəlmək tövsiyə olunur.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 149 imtahan
binası, 2657 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına
149 ümumi imtahan rəhbəri, 436 imtahan rəhbəri, 3312 nəzarətçi, 467
buraxılış rejimi əməkdaşı, 149 bina nümayəndəsi cəlb olunub.
I ixtisas qrupu üzrə imtahanda 30058, IV ixtisas qrupu üzrə
imtahanda isə 5908 nəfər olmaqla, ümumilikdə 35966 abituriyentin
iştirakı nəzərdə tutulur.
İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,
serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak
edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan
binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının
81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş
şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli
abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də
şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud
iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim
keçirilib.
Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak
edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları
ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış
keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə
imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin
edilməsi məqsədilə imtahan mərkəzlərinə iyunun 1-də təkrar baxış
keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar
möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin
əməkdaşlarının mühafizəsinə veriləcək.
İmtahanların gedişini işıqlandırmaq üçün 30 KİV nümayəndəsi
DİM-də akkreditasiyadan keçib.





























