Advertisement

Bakıda Ümumdünya Aeronaviqasiya Sammiti 2024 və CANSO-nun 28-ci İllik Ümumi İclası keçiriləcək

Bakı. Trend:

11–13 iyun 2024-cü il tarixlərində Bakıda Ümumdünya
Aeronaviqasiya Sammiti 2024 və CANSO-nun 28-ci İllik Ümumi İclası
keçiriləcək. Tədbir “Azərbaycan Hava Yolları” QSC-nin
“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) tərəfindən
təşkil olunacaq.

Ekoloji davamlılıq məsələlərinə yönəlmiş tədbir mühüm qərarların
verilməsi, bilik mübadiləsi və məhsuldar dialoqların aparılması
məqsədilə hava hərəkətinə nəzarət sənayesinin dünya liderlərinin
diqqətini cəlb etmək üçün nəzərdə tutulub. Tədbirdə 100-dən çox
ölkədən 350-yə yaxın mülki aviasiya rəhbərlərinin iştirakı
gözlənilir.

Qeyd edək ki, 2005-ci ildən CANSO-nun üzvü olan AZANS MDB və
regionun bir çox digər ölkələrindən ilk aeronaviqasiya xidmətləri
təminatçısıdır ki, CANSO tərəfindən Ümumdünya Aeronaviqasiya
Sammiti 2024 və 28-ci İllik Ümumi İclasa ev sahibliyi etmək üçün
seçilib.

“Bu ilin sonlarında dünya liderləri COP29 üçün Bakıda bir araya
gələcəklər və beynəlxalq ictimaiyyətin diqqəti bu şəhərə yönələcək.
İqlim dəyişikliyi bəşəriyyətin ən aktual problemlərindən biridir və
aviasiya karbon emissiyalarının azaldılmasında əsas rol oynayır.
Emissiyanın xalis sıfır (“net zero”) səviyyəsinə çatdırılması
planlanan 2050-ci ilin çox da uzaq olmadığını nəzərə alaraq
aviasiyada bu hədəfə böyük diqqət ayırmaq lazımdır. Məhz bu
səbəbdən də bu, AZANS-ın təşkil etdiyi CANSO Ümumdünya
Aeronaviqasiya Sammitinin və 28-ci İllik Ümumi İclasının əsas
mövzusu olacaq”, — deyə CANSO-nun baş direktoru Saymon
Hokkard
qeyd edib.

Sammitdə aviasiya sənayesinin liderləri xalis sıfır emissiyalara
nail olmaq üsullarına və ekoloji cəhətdən daha təmiz səmanın
yaradılmasında texnologiyaların rolunu müzakirə edəcəklər.

“Biz fəxr edirik ki, şəhərimiz yaşıl hava məkanının gələcəyi və
xalis sıfır aviasiya hədəflərinə töhfə verən rəqəmsal
texnologiyalar ilə bağlı mühüm müzakirələr platformasına
çevriləcək. Dayanıqlı aviasiyanın gələcəyinə dair məsuliyyətimizi
dərk edərək biz beynəlxalq əməkdaşlıq imkanlarının yaradılmasına
töhfə verməyə çalışırıq”, — deyə AZANS-ın direktoru Fərxan
Quliyev
bildirib.

AZANS haqqında

“Azərbaycan Hava Yolları” QSC-nin tərkibinə daxil olan
“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Azərbaycanın
hava məkanında uçuşların təhlükəsizliyinə və xidmətinə cavabdeh
olan qurumdur. AZANS bütün beynəlxalq aviasiya təşkilatlarının
tələblərinə yüksək səviyyədə cavab verir.

Hazırda AZANS Azərbaycanın hava məkanında hər ay orta hesabla 18
min tranzit uçuşa xidmət göstərir ki, bu da ölkəmizin hava məkanını
xarici aviaşirkətlər üçün daha da cəlbedici edir.

CANSO haqqında

CANSO — Beynəlxalq Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatı —
hava məkanının idarə edilməsində qlobal səsdir və onun gələcəyini
formalaşdırır. CANSO-nun üzvləri dünya hava trafikinin təxminən 90
faizini əhatə edir və aeronaviqasiya xidməti təminatçıları, hava
məkanı istifadəçiləri və operatorları, aviasiya texnikası
istehsalçıları və təchizatçılarını özündə birləşdirir. CANSO dünya
miqyasında hava hərəkətinin idarəolunma səviyyəsini yüksəltmək üçün
sənayenin nümayəndələrini bilik, təcrübə və innovasiya mübadiləsi
məqsədilə bir araya gətirir.