Advertisement

UNEC-də tələbələrin yaşıl iqtisadiyyata həsr olunan beynəlxalq konfransı keçirilib (FOTO)

Bakı. Trend:

UNEC-in Rus İqtisad Məktəbində “Davamlı inkişaf şəraitində yaşıl
iqtisadiyyat: çağırışlar və gözləntilər” mövzusunda tələbə və gənc
tədqiqatçıların beynəlxalq elmi-praktiki konfransı keçirilib.

Altı ölkənin 200-dən çox gənc tədqiqatçısını bir platformada
toplayan beynəlxalq konfransın açılışında çıxış edən elm və
innovasiyalar üzrə prorektor dosent Fariz Əhmədov konfransın
mövzusunun əhəmiyyətindən söz açıb. O, müasir iqtisadiyyatın aktual
tədqiqat sahəsinə çevrildiyini diqqətə çatdıraraq, COP-29-la bağlı
UNEC-də keçirilən tədbirlərdən və gənclərin bu istiqamətdə üzərinə
düşən vəzifələrdən danışıb.

Rus iqtisad məktəbinin direktoru dosent Mənsur Bərxudarov
tədbirdə elm və təhsil nümayəndələri ilə yanaşı, özəl və dövlət
sektorlarının nümayəndələrinin də təmsil olunduğunu qeyd edərək,
beynəlxalq konfransda yaşıl iqtisadiyyatın Azərbaycan, o cümlədən
dünya qarşısında qoyduğu məsələlərlə bağlı müzakirələrin
aparılacağını qeyd edib.

Sonra məruzəçilər qismində çıxış edən UNEC nəzdində İqtisadi
Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor
Yadulla Həsənli, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü professor
Bəhram Əliyev yaşıl iqtisadiyyatın ayrı-ayrı aspektləri, həlli
tələb olunan məsələlər, təhsil sahəsinin bu proseslərdə yeri və
rolu haqqında danışıblar.

Beynəlxalq konfrans 7 panel sessiya üzrə Azərbaycanın müxtəlif
ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, Rusiya,
Türkiyə, Qazaxıstan, Belorus və Yunanıstanın tələbə, magistr və
doktorantlarının məruzələri ilə davam edib. UNEC-in nüfuzlu
alimlərinin, eləcə də yaşıl iqtisadiyyatla bağlı tanınmış elm
nümayəndələrinin moderator qismində çıxış etdikləri sessiyalarda
mövzu ilə bağlı maraqlı müzakirələr də aparılıb.

Konfransın sonunda Rus İqtisad Məktəbinin yaradıcı klubunun
üzvləri maraqlı konsert proqramı ilə çıxış ediblər.