
Zəngilan.Trend:
Minalar ciddi humanitar təhlükədir.
Trend xəbər verir ki, bunu Beynəlxalq Humanitar Hüquq üzrə İslam
Forumunun (İslam Əməkdaşlıq Təşkilatının) prezidenti, humanitar
hüquq üzrə professor Ussedik Favzi Minaların ətraf mühitə təsirinin
azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər
olunması” mövzusunda 3-cü beynəlxalq humanitar minatəmizləmə
konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Minalar ciddi humanitar təhlükədir, bu gün biz Zəngilana gəldik
və mən aydın şəkildə görürəm ki, rayonda işlər gedir və hələ də
görüləsi işlər çoxdur, bu sahəni yeni həyat gözləyir. Bu gün bu
konfrans böyük əhəmiyyət kəsb edir, çünki mina təhlükəsi ilə bağlı
məlumatların yayılması, eləcə də, ona qarşı etirazlar çox
vacibdir”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi 3-cü beynəlxalq
humanitar minatəmizləmə konfransında, ümumilikdə 75 ölkədən 300-dən
çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra
ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər
heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif
ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə
ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli
şəxsləri təmsil olunur.





























