Advertisement

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında böyük irəliləyiş müşahidə olunur – Reyçel Avraham

Zəngilan. Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən
qurulmasında böyük irəliləyiş müşahidə olunur.

Trend xəbər
verir ki, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi
və baş direktoru, israilli jurnalist Reyçel Avraham “Minaların
ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək
üçün resursların səfərbər olunması” mövzusunda 3-cü beynəlxalq
humanitar minatəmizləmə konfransının kuluarlarında jurnalistlərə
deyib.

“İkinci dəfədir ki, bu konfransda iştirak edirəm, Azərbaycana
yeddinci dəfə, Qarabağın özünə isə beşinci dəfədir ki, səfər
edirəm. Ölkə barədə çox müsbət təəssüratım var”, – o deyib.

R.Abraham Qarabağa müharibədən bir qədər sonra səfər etdiyini və
o zaman ərazilərin tamamilə dağıdılmış olduğunu, yolların və
infrastrukturun mövcud olmadığını qeyd edib.

“Bu gün Qarabağa baxın. Sizin möhtəşəm konfrans mərkəziniz var.
Ötən il Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)
Ağdam konfrans mərkəzində möhtəşəm konfrans keçirdi. Sonra isə
Şuşada da kulinariya festivalı oldu. İnşa edilməkdə olan Füzuli
aeroportunu gördüm. Aeroportun tikintisi artıq başa çatıb, üstəlik
Zəngilanda hava limanı da fəaliyyət göstərir. Hər şey tədricən
inkişaf edir, Azərbaycan böyük uğurlar əldə edir”, – o deyib.

R.Abraham əlavə edib ki, Ermənistanın minalı ərazilərin
xəritəsini təqdim etməməsi irəliləyişi ləngidir.

O, bölgənin bütün maneələrə baxmayaraq yüksək sürətlə inkişaf
etdiyini, ermənilər minalı sahələrin xəritələrini təqdim etsələr bu
inkişafın daha sürətli ola biləcəyini qeyd edib.

R.Abraham vurğulayıb ki, Ermənistanın minalı sahələrin
xəritələrini təqdim etməsi üçün dünya ictimaiyyəti ölkəyə qarşı
sanksiyalar tətbiq etməlidir.

Qeyd edək ki, Zəngilanda Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının
İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə ənənəvi
beynəlxalq humanitar minatəmizləmə konfransı öz işinə başlayıb.

Konfransa beynəlxalq ictimaiyyət tərəfindən yüksək diqqət
göstərilir. Azərbaycanın ev sahibliyi etdiyi 3-cü beynəlxalq
humanitar minatəmizləmə konfransında, ümumilikdə 75 ölkədən 300-dən
çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra
ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər
heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif
ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə
ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli
şəxsləri təmsil olunur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun