Advertisement

Naxçıvan Təhsil Nazirlyində hüquqpozmalarla bağlı Baş Prokurorluğa müraciət edildi

Bakı. Trend:

Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Naxçıvan
Muxtar Respublikasının Təhsil Nazirliyi və tabeliyində olan
büdcədən maliyyələşən qurumlar (seçmə qaydada) tərəfindən dövlət
vəsaitinin və dövlət əmlakının istifadə olunmasının hüquqi aktlara
uyğunluğunun müəyyən edilməsi məqsədi ilə uyğunluq auditi
aparılıb.

Trend Hesablama Palatasına
istinadən xəbər verir ki, audit 2023-cü ili əhatə edib və bu dövrdə
24 303 436,26 manat xərc icra edilib.

Məlumata görə, auditlə əhatə olunan təhsil müəssisələrində
normativlərin tələblərinin gözlənilməməsi, dərs saatlarının
artırılması, bir şagirdin bir neçə qrupda göstərilməklə və əvvəlki
tədris ilində olmayan şagirdlər hesabına qrupların təşkil edilməsi
nəticəsində artıq vəsaitlərin ödənilməsi, dövlət satınalmalarının
keçirilməməsi, müqayisələr əsasında müqavilələr üzrə qiymətlərin
artırılması və nəzarət ölçü qaydasında baxış zamanı avadanlıqlarda
çatışmazlıqlar aşkar edilmişdir. Qeyd olunan hüquqpozmalarda
cinayət tərkibinin əlamətləri olduğu ehtimal edildiyindən, həmçinin
əvvəlki illərdə olan nöqsan və çatışmazlıqların cari ildə də davam
etməsi nəzərə alınmaqla “Hesablama Palatası haqqında” Azərbaycan
Respublikası Qanununun 26.2-ci maddəsinə uyğun olaraq kənar dövlət
maliyyə nəzarətinin nəticələri barədə müvafiq materiallar
Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.