Advertisement

Bakıda “Force of Love” yaz festivalı keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 24-dən 26-dək Space_13 incəsənət məkanında Bakı
sakinlərinə və qonaqlarına unudulmaz bayram bəxş edən “Force of
Love” festivalı baş tutdu. Festivalın əsas məqsədi insanları
övladları və dostları ilə bir araya gətirmək və onların əylənməsi
üçün imkan yaratmaq idi.

Trend xəbər verir ki, festivalın ilk günündə kətan boyama,
sabunqayırma və bəzək, robototexnika, dulusçuluq, eko çanta
dizaynı, ətir istehsalı, çayçılıq, boşqab bəzəyi, gül əkilməsi və
zumba rəqsi üzrə ustad dərsləri keçirildi.

Festivalın ikinci günündə qonaqlar stretchinq, kofe boyama,
kağız kuklaların hazırlanması, boşqab boyama, şüşə və vitraj
boyama, baçata rəqsi ustad dərslərində iştirak etdilər. Jurnalın
baş redaktoru, “Force of Love” festivalının ideya müəllifi Ülviyyə
Mahmud natürmort rəsmləri üzrə Still Drawing ustad dərsi keçdi.
Əlavə fəaliyyətlərə Becausenever-dən (Toğrul Məhərrəmli) köynək
üzərində qrafiti və Firuzə Sultanzadədən “Zero Waste” adlı ekoloji
master-klasslar daxil idi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi nəzdində Mədəni və
Yaradıcı Sənayelərinin İnkişaf Mərkəzinin dəstəyi ilə təşkil olunan
festival iştirakçılarının arzularını gerçəkləşdirməsinə fürsət
yaradaraq onları musiqi, rəqs, teatr, yumor, dizayn, memarlıq, dəb,
sənətkarlıq, təsviri incəsənət, kino, video, fotoqrafiya,
ədəbiyyat, nəşriyyat, televiziya, radio, reklam, oyun və
yaradıcılıq texnologiyaları üzrə istedadlarını nümayiş etdirməyə
dəvət etdi. Mərkəz tərəfindən “Cultech” (mədəni startaplar),
“GameTech” (oyun texnologiyaları), sketçinq üzrə ustad dərsi təşkil
olunmuş, Əhməd Nəbiyevin və “Atide” brendinin əsərləri
sərgilənmişdir.

Bundan əlavə, festivalda “f37 Union” icmasını təmsil edən gənc
fotoqrafların əsərləri nümayiş etdirildi.

Ustad dərslərinin təşkilində Azərbaycan Respublikası Elm və
Təhsil Nazirliyi yanında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi
dəstək göstərmişdir.

Həmçinin festivalı ziyarət edən şəhərimizin sakinləri və
qonaqları müxtəlif incəsənət əsərləri, kitablar, fotoşəkillər,
vintaj zərgərlik məmulatları, vinil plastinkalar, ev və gözəllik
məhsulları, geyimlər, vintaj çantalar əldə etmək, müxtəlif yeməklər
və içkilərdən zövq almaq imkanından yararlandılar. Festivalı
təxminən 2800-3000 nəfər ziyarət edib.

Mayın 26-da tədbirin bədii hissəsi baş tutdu. Space_13 məkanının
səhnəsində Stand-up komediyaçıları Cavid Qurbanov (“Comedy Club”,
“HB”, “Naşa Raşa” nın ssenari müəllifi, “Bakılı Oğlanlar” KVN
komandasının ssenaristi) və Roman Orkodaşvili (rejissor, ssenarist,
yazıçı, redaktor, “Nə? Harada? Nə vaxt?” layihəsinin iştirakçısı)
çıxış etdilər. Gecə Becausenever-in musiqi seti ilə başa çatdı.