Advertisement

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük
Qayıdış” proqramı üzrə Laçın şəhərinə növbəti köç karvanı yola
salınıb.

AZƏRTAC xəbər verir ki, respublikanın müxtəlif ərazilərində
yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və
inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti
köç karvanı mayın 31-də Bakı şəhərinin Qaradağ rayonundan yola
salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə – 68 nəfər
köçürülüb. Bununla da indiyədək Laçın şəhərində 513 ailənin, yəni
1906 nəfərin daimi məskunlaşması təmin edilib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində
məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə
doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan
Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına
görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya
təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran
rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən
şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.