Advertisement

Qarabağın yaxın müddətdə minalardan tam təmizlənməsinə ümid edirəm – David Martinez

Bakı. Trend:

Qarabağın yaxın müddətdə minalardan tam təmizlənməsinə ümid
edirəm.

Trend xəbər verir ki, bu barədə “Agora Diplomatico”nun Analitik
direktoru David Martinez “Minaların ətraf mühitə təsirinin
azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər
olunması” konfransında “Davamlı Ətraf Mühitin Reabilitasiyası üçün
Milli Bacarıqların Yaradılması” adlı panel müzakirəsi zamanı
deyib.

O qeyd edib ki, minalar sakit qalan təhlükədir, insan həyatı və
ətraf mühit üçün ciddi təhdid yaradır.

“Ərazilərin minalardan təmizlənməsi, həmçinin, bizim mənəvi
yükümüzdür. Beynəlxalq insan haqları burada çox önəmli rol oynayır.
Bu barədə təcrübələr bölüşdürməlidir.

Prosesdə cəmiyyətlə bərabər beynəlxalq ictimaiyyətdə iştirak
etməlidir. Minatəmizləmə ilə bağlı görülən işlər bizi ümidləndirir.
Biz minalardan zərər görən torpaqları, icmaları dayanıqlı cəmiyyətə
çevirə bilərik”, – deyə o bildirib.

Qeyd edək ki, Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf
Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq
humanitar minatəmizləmə konfransının ikinci günü keçirilir.

Cari ilin 30-31 may tarixlərində keçirilən 3-cü beynəlxalq
humanitar minatəmizləmə konfransının mövzusu “Minaların ətraf
mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün
resursların səfərbər olunması”dır.