Advertisement

Bu gün 47 minə yaxın IX sinif şagirdi buraxılış imtahanı verir

Bakı. Trend:

Martın 17-də Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi,
Nərimanov rayonlarında, Gəncə – 1, Samux, Daşkəsən, Qazax, Ağstafa,
Şəki, Lənkəran – 1, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu,
Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, Şabran
rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta
təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

Dövlət İmtahan Mərkəzindən Trend-ə bildirilib ki, bu imtahanda 46 min 741
şagirdin iştirakı nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi
başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına
buraxılmayacaq. Şagirdlərin imtahan binasına rahat şəkildə daxil
olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və
buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan
binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə
olunur.

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri
gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər
buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan
arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 190 imtahan
binası, 3468 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına
543 imtahan rəhbəri və ümumi rəhbər, 4310 nəzarətçi, 631 buraxılış
rejimi əməkdaşı (mühafizə) və 190 bina nümayəndəsi cəlb edilib.

Bugünkü imtahanda 40 nəfər sağlamlıq imkanları məhdud (gözdən
əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak
edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan
binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının
81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş
şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.