Advertisement

Xətai rayonunda 3 saylı uşaq evində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

Bakı. Trend:

Mayın 31-də, Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində
Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP)
Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon ərazisində
yerləşən 3 saylı uşaq evində tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar
Rəhimzadə ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas
istiqaməti kimi müəyyənləşməsinin Ulu Öndərin adı ilə bağlı
olduğunu bildirib.

Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin “Uşaqlara qayğı
hər bir vətəndaşın borcudur” çağırışı dövlətimizin uşaqların bu
günü və gələcəyi üçün atdığı addımların aydın mənzərəsini yaradır.
Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni
Azərbaycan Partiyasının fəaliyyət Proqramında da uşaqlara diqqət və
qayğı əsas yer tutur. Bu gün 3 saylı uşaq evinin timsalında
dövlətin valideyn qayğısından məhrum olan uşaqları öz himayəsinə
götürərək onların problemlərinin həllini diqqət mərkəzində
saxladığını aydın şəkildə görürük.

Vüqar Rəhimzadə Ümummilli Lider Heydər Əliyevin, Onun layiqli
davamçısı Prezident İlham Əliyevin uşaqların hərtərəfli inkişafına
xidmət edən addımlarından, imzalanan Fərman və sərəncamlarından,
təsdiqlənən Dövlət Proqramlarından, həmçinin Heydər Əliyev Fondu
tərəfindən icra olunan layihələrdən geniş bəhs edib. Bütün
addımların əsasında uşaqların sağlam ruhda böyüməsi, gələcəyimiz
üçün əsl vətəndaş kimi yetişmələri dayanır. Prezident İlham
Əliyevin Sərəncamı ilə 2009-cu ilin ölkəmizdə “Uşaq İli” elan
edilməsi də bu diqqətin əsas göstəricilərindəndir. Heydər Əliyev
Fondu tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət
göstərilir. Fond uşaqların inkişafı, təhsili, gələcəkləri üçün
lazım olan bütün məsələləri daim diqqət mərkəzində saxlayır. Eyni
zamanda, Fond müasir tələblərə cavab verən yeni uşaq evlərinin,
bağçaların tikintisini həyata keçirir.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin Baş məsləhətçisi Mehriban İsrafilova çıxışında
dövlətin uşaqlara diqqət və qayğısından geniş bəhs edib. Bildirib
ki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar
kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim
gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Müasir
müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev
ölkəmizin bu günü və gələcəyi üçün müəyyənləşdirdiyi düşünülmüş,
məqsədyönlü siyasətin əsas tərkib hissələrindən biri də uşaq
hüquqlarının qorunmasıdır. Ümummilli Liderin “Uşaqlar bizim
sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər
bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi
diqqət göstərilib” fikirləri uşaqlara olan məhəbbətinin təzahüri
idi. Son 20 ildən artıq dövrdə bu siyasət dövlətimizin başçısı
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu diqqət və
qayğının davamı olaraq dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan
Fondun həyata keçirdiyi layihələr də təqdirəlayiqdir. Ümumilikdə 1
iyun tarixinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd
olunması uşaqlara beynəlxalq səviyyədə diqqətin bariz
nümunəsidir.

Tədbirin sonunda uşaq evinin sakinlərinə hədiyyələr təqdim
edilib.

Tədbir bədii proqramla davam edib.