Advertisement

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Bakı. Trend:

Mayın 31-də 40 dövlət orqanında inzibati vəzifələrin 2-7-ci
təsnifatına uyğun olan 94 vəzifənin tutulması məqsədilə daxili
müsahibə elanı verilib.

Dövlət İmtahan Mərkəzindən Trend-ə bildirilib ki, daxili
müsahibə elan edilən vəzifələrin 1-i inzibati vəzifələrin ikinci
təsnifatına, 3-ü üçüncü təsnifatına, 17-si dördüncü təsnifatına,
26-sı beşinci təsnifatına, 13-ü altıncı təsnifatına və 34-ü
yeddinci təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılması üçün
dövlət orqanları arasında ən çox vakant vəzifə Azərbaycan
Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsi (10 vəzifə) tərəfindən təqdim olunub.

Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə
inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin aparat rəhbəri vəzifəsidir.

Eyni zamanda, daxili müsahibə elan edilən vəzifələrdən 13-ü
Naxçıvan Muxtar Respublikasının 5 dövlət orqanı, 32-si isə 21 yerli
icra hakimiyyəti orqanı tərəfindən təqdim edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq daxili müsahibə üzrə
sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların
rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin
qarşısının alınması, habelə Dövlət İmtahan Mərkəzi tərəfindən
göstərilən xidmətlərin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə aşağıdakı kateqoriyaya aid şəxslər iştirak
etmək hüququna malikdirlər:

– Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati
vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun
ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

– Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya
ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən
dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

– 1–3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin
birinci – üçüncü təsnifatlarına uyğun olan vəzifələrə, habelə 2-ci
kateqoriya dövlət orqanlarına aid mərkəzi icra hakimiyyəti
orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin
Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) inzibati
vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə (struktur
bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri,
köməkçiləri) iddia edən şəxslər.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər iyunun 20-dək
Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət
Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.