
Bakı. Trend:
Sosial şəbəkədə qadınlardan hədə-qorxu ilə pul tələb edən şəxs
saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin
Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının
keçirdikləri tədbirlərlə qadınlardan hədə-qorxu ilə pul tələb edən
35 yaşlı Samir Əmrahov saxlanılıb.
Saxlanılan şəxs sosial şəbəkədə tanış olduğu qadınlara özünü
vəkil “Adil Həsənov” kimi təqdim edib, daha sonra onların
şəkillərini fotomontaj vasitəsilə əxlaqsız formaya salaraq internet
resurslarında yayacağı ilə hədələyib. Bu üsulla zərərçəkmişlərin
müxtəlif məbləğlərdə maddi vəsaitini ələ keçirib.
Araşdırmalarla saxlanılan şəxsin Zərdab rayonunda da dələduzluq
etdiyi məlum olub.
S.Əmrahov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar
davam etdirilir.
Onun əməllərindən zərər görən başqa şəxslər olarsa, polisə
müraciət edə bilərlər.





























