Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi tərəfindən ildırımın yaratdığı
təhlükələr və bundan qorunmağın yolları barədə aparılan kütləvi
maarifləndirmə işlərinə, o cümlədən, mütəmadi olaraq əhaliyə edilən
müraciətlərə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, ötən gün
ildırım vurması insan ölümü və xəsarətlə nəticələnib.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bu isə hər bir vətəndaş tərəfindən təhlükəli
təbiət hadisələrindən olan ildırımla bağlı zəruri davranış
qaydalarına ciddi riayət edilməsi zərurətini yaradır.
Qeyd olunanları, habelə xüsusilə yaz-yay fəsilləri üçün
xarakterikliyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha
əhaliyə müraciət edərək ildımla bağlı təhlükəsizlik qaydalarına
ciddi riayət etməyə çağırıb.
Belə ki, ildırım zamanı:
– qazı bağlayın, elektrik cihazlarını şəbəkədən ayırın;
– evin pəncərə və qapılarını örtün, pəncərənin qarşısında
dayanmayın;
– telefonla danışmayın;
– elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya
yaxınlaşmayın;
– daldalanmaq üçün hündür ağacların altında gizlənməyin;
– nəzərə alın ki, ildırım düşməsi ağacların hündürlüyü ilə düz
mütənasibdir. Belə ki, məsələn, ağacın hündürlüyü 4 metrdirsə,
həmin ağacdan, ən azı, 4 metr aralı dayanmaq lazımdır;
– düzəngahdasınızsa, yüksək nöqtə kimi ildırımı cəlb etməmək
üçün çuxurda çöməlib dizlərinizi qucaqlayaraq oturun;
– yüksəklikdəsinizsə, çökək yerə enin;
– su hövzəsində çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sahilə
çıxın;
– yadda saxlayın ki, metal əşya ilə təmas təhlükəlidir (o
cümlədən, saat, sırğa, üzük, idman əşyaları və s.);
– avtomobildəsinizsə, hərəkəti dayandırın, onu tərk etmədən
şüşələri qaldırıb ildırımın bitməyini gözləyin;
– bağlanan şüşələri olmayan nəqliyyat vasitəsindəsinizsə (bəzi
kənd təsərrüfatı texnikası, motosiklet, velosiped və s.), dərhal
düşün və ən azı 30 metr aralanın;
– qrup halındasınızsa, aranızda, ən azı, 1,5 metr məsafə
saxlayın.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!





























