
Bakı. Trend:
Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobillərinin
sürücüləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib
ki, Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən
yükdaşıma qaydalarını pozduqlarına görə “Saxla” işarəsi verilən
36-BK-066, 36-BM-066 və 99-XT-941 dövlət qeydiyyat nişanlı “KamAZ”
markalı yük avtomobillərinin sürücüləri, Biləsuvar rayon sakinləri
Qalib Ağayev, Elman Məmmədov və Pərvin Bayramov polisin qanuni
tələbinə tabe olmayaraq hərəkətlərini davam etdiriblər.
Görülən tədbirlər nəticəsində avtomobillər saxlanılıb. Araşdırma
zamanı məlum olub ki, hər üç sürücü nəqliyyat vasitəsini icazə
verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini
aşmaqla idarə etdiklərinə görə polisin qanuni tələbinə tabe
olmayaraq yayınmağa çalışıblar.
Bununla bağlı sürücülər barəsində qanunvericiliyə uyğun protokol
tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.





























