
Bakı. Trend:
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün artıq
dördüncü ildir ki, “Azərxalça” ASC daxilində geniş şəkildə qeyd
olunur. Bu il Uşaqların Beynəlxalq Müdafiəsi günü “Azərxalça” ASC-
nın Azərbaycanın müxtəlif bölgələrində- Abşeron, Nardaran, Şabran,
Ağdam, Horadiz, Tərtər, Qazax, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı,
Qəbələ, Lənkəran və Kürdəmirdə fəaliyyət göstərən 14
emalatxanasının hər birində qeyd olunub. Gün münasibəti ilə bütün
emalatxanalarda fəaliyyət göstərən toxucu və digər işçi heyət bir
günlük öz övladlarını çalışdıqları müəssisəyə gətiriblər. Uşaqlar
üçün öncə geniş əyləncə təşkil olunub daha sonra onlarla
emalatxanada qısa tur baş tutub, xalçaçılıq və xalçaların toxunma
prosesi haqqında geniş məlumat verilib, ustad dərsləri təşkil
olunub. Daha sonra “Azərxalça” ASC İdarə Heyətinin Sədri, Əməkdar
İncəsənət xadimi Emin Məmmədovun uşaqlara ünvanladığı təbrik
məktubu balaca dostlara təqdim olunub.
Məlum olduğu kimi bu gün sürətlə inkişaf etməyə can atan
“Azərxalça” ASC-nin əsas məqsədi milli-mənəvi, mədəni irsimiz olan
xalçaların qorunması, xalçaçılıq işinin təbliği, xalça və xalça
məmulatlarının istehsalı, ixracı, ölkə daxilində və xaricdə
satışının təşkili, yeni texnologiyaların tətbiqi, maddi-texniki
bazanın müasirləşdirilməsi, beynəlxalq sərgi və konfranslarda
iştirakının təmini – bir sözlə, Azərbaycanın milli xalça brendinin
inkişafı üçün lazım olan bütün tədbirlərin görülməsidir. Bütün
görülən işlərin yalnız indiki zamanda deyil gələcəkdə də effektiv
olması, xalçaçılıq sənətinin inkişaf etməsi və gələcək nəsillərə
uğurla ötürülməsi üçün milli mənəvi irsimizi uşaqlara, gənc nəsilə
sevdirmək, tanıtmaq və daim bu sahə ilə əlaqələrini canlı saxlamaq
əsas şərtlərdən biridir. “Azərxalça” ASC ilin yalnız bir günü deyil
il ərzində körpələrin, məktəbli uşaqlar və gənclərin asudə vaxtının
səmərəli təşkil olunması işlərində yaxından iştirak edir. İl
ərzində Cəmiyyətin müxtəlif emalatxanalarında rayonlarda fəaliyyət
göstərən bağça, məktəb və müxtəlif təhsil ocaqlarının müəllim və
tələbə heyəti üçün gəzinti, maarifləndirici görüş və tədbirləri
təşkil olunur.
Məlumat üçün bildirək ki, 1 İyun – Uşaqların Beynəlxalq
Müdafiəsi Günü Azərbaycanda uzun illərdir geniş qeyd edilir.
Ölkəmizdə uşaqların müdafiəsi və onlara qayğı göstərilməsi
istiqamətində çoxsaylı işlər görülüb, uşaqların sosial və hüquqi
müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və
normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi
ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq
hüquqları haqqında” qanun (1998-ci il 19 may) və bəzi digər
normativ-hüquqi aktlar qəbul edilib. Azərbaycanda uşaqların sağlam,
savadlı, hərtərəfli, vətənpərvər və ən əsası vətəndaş kimi
formalaşması üçün şərait yaradılmasına xüsusi diqqət yetirilir.





























