
Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında iyunun 1-i günün ikinci
yarısından 2-si axşamadək şimal-qərb küləyinin 15-20 m/s, arabir
23-25 m/s, 1-i axşam və 2-si gecə və səhər yarımadanın bəzi
yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə
görə, 1-i gecəyə doğru və 2-də gecə bəzi yerlərdə arabir yağış
yağacağı, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli
olacağı, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında iyunun 2-si axşamadək bəzi yerlərdə
arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı
yerlərdə (Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ,
Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran,
Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi,
yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
İyunun 2-si gündüzədək qərb küləyinin 15-20 m/s, ayrı-ayrı
yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında
sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara
bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və
sel keçəcəyi gözlənilir.





























