
Bakı. Trend:
Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası çərçivəsində
“İqlim dəyişikliyi və səhiyyə: Birgə fəaliyyət üçün qlobal baxış”
adlı strateji dəyirmi masa keçirilib. Dəyirmi masada Azərbaycan
nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev çıxış
edib.
Trend xəbər verir ki, tədbir iştirakçılarını salamlayan
Azərbaycan nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bu gün
bəşəriyyət iqlim dəyişikliyinin birbaşa və dolayı təsirlərini
yaşayır: “Son onilliklərdə sel, quraqlıq, tufan kimi ekstremal hava
hadisələrinin tezliyi və şiddəti artıb. Bu iqlim hadisələri
dolayısı ilə havanın keyfiyyətinə, suyun çirklənməsinə, torpaqdan
istifadə imkanlarına təsir edir”.
Nazirin sözlərinə görə, qlobal istiləşmə ilə bağlı xəstəliklərin
sayı artmaqdadır: “İnsanlar arasında yayılan bir çox xəstəliklər
istilik dalğaları, yoluxucu xəstəliklərin ötürülməsi və iqlim
dəyişkənliyi ilə əlaqələndirilir”.
Nümayəndə heyətinin rəhbəri təəssüf hissi ilə qeyd edib ki,
iqlim dəyişikliyinin sağlamlığa təsiri barədə səhiyyə işçilərinin
məlumatlılığı qənaətbəxş səviyyədə deyil: “Tədris proqramlarına
“İqlim dəyişikliyi və səhiyyə” fənninin daxil edilməsi təklif
olunur. Bundan əlavə, ÜST Akademiyası iqlim dəyişikliyi və
sağlamlıq mövzusunda davamlı təhsilin təmin edilməsi üçün onlayn
platformanın yaradılmasında əsas rol oynaya bilər”.
İctimai səhiyyə mütəxəssisləri tərəfindən iqlim dəyişikliyinin
fiziki və psixiki sağlamlığa təsirinin icmalar arasında
yayılmasının vacibliyi vurğulanıb.
Dəyirmi masada çıxış edən nazir səhiyyə sistemlərinin karbon
dioksid emissiyalarına əhəmiyyətli dərəcədə töhfə verdiyini də qeyd
edib: “Yeni iqlim problemlərini yumşaltmaq üçün səhiyyə sisteminin
hərtərəfli transformasiyası tələb olunur. Bununla belə,
normativlərə uyğunluq, maliyyə məhdudiyyətləri, mədəni müqavimət
kimi bir sıra məsələlər “Yaşıl xəstəxanalar və sağlam şəhərlər”
konsepsiyasının həyata keçirilməsində əsas problemlər kimi
qalır”.
Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”
elan edilməsini vurğulayan Teymur Musayev, cari ildə milli və
qlobal səviyyədə həyata keçirilən bir sıra tədbirlərin iqlim
dəyişikliyinin mənfi təsirlərinə olunduğunu bildirib: “Azərbaycan
neftlə zəngin ölkə olmasına baxmayaraq, hər zaman “yaşıl” gündəliyə
sadiq olub. Cari ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına
(COP29) ölkəmizin ev sahibliyi etməsi bunun əyani sübutudur”.
Öz çıxışında Teymur Musayev inkişaf etməkdə olan, xüsusən də az
inkişaf edən və kiçik ada ölkələrinin maliyyə cəhətdən
dəstəklənməsinin vacibliyini vurğulayıb: “İnanırıq ki, Qoşulmama
Hərəkatına 4 illik sədrlik Azərbaycana körpü qurucusu rolunu
oynamağa və Bakıda təşkil olunacaq COP29 Yeni Kollektiv Kəmiyyət
Məqsədinin razılaşdırılması üçün həm inkişaf edən, həm də inkişaf
etməkdə olan ölkələrin mövqelərini uyğunlaşdırmağa imkan
verəcək”.
“Sonda dünya ictimaiyyətini iqlimin sağlamlığa xoşagəlməz
təsirləri ilə üzləşməmək üçün tez və qətiyyətli hərəkət etməyə
çağırıram”, – deyə Azərbaycanın səhiyyə naziri fikrini
tamamlayıb.





























