
Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji
Parkında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı
tədbir keçirilib. Zooloji Park və Bakı Abadlıq Xidmətinin
əməkdaşlığı ilə təşkil olunan “Gələcək uşaqlara məxsusdur” adlı
şənlikdə 2 nömrəli ümumi təyinatlı, 4 nömrəli xüsusi, 8 nömrəli
sanatoriya tipli və 12 saylı sağlamlıq imkanları məhdud uşaqlar
üçün xüsusi internat məktəblərindən ümumilikdə 350-dən çox uşaq
iştirak edib.
IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, musiqi sədaları ilə
müşayiət olunan və gün boyu davam edən tədbir qonaqlarda xoş
əhval-ruhiyyə yaradaraq, unudulmaz günlərdən birinə çevrilib.
Zooloji Parkın müxtəlif məntəqələrində ziyarətçilər oyunlara və
yarışlara qatılaraq hədiyyələr qazanıblar. Sehrbaz və cizgi film
personajlarının iştirakı şənliyi daha da rəngləndirib, qonaqların
diqqətini müxtəlif viktorina və maraqlı oyunlara cəlb edib.
Ziyarətçilər öz maraq dairələrinə uyğun seçim edərək, təbii
parçalardan oyuncaqların hazırlanması, eko çantaların zoomorf
ornamentləri ilə bəzədilməsi, rəsm çəkmək, gips lövhələrinin
rənglənməsi kimi müxtəlif ustad dərslərinə qatılıb, üz boyamada
iştirak ediblər. Eyni zamanda, uşaqların maariflənməsi üçün onlara
Zooloji Parkın lektoriyasında heyvanların həyat tərzini özündə əks
etdirən cizgi filmləri, onların biologiyası haqqında təqdimatlar
nümayiş edilib. Açıq havada heyvanların xarici quruluşları ilə
bağlı geniş məlumat əldə edən kiçik ziyarətçilərə heyvanlarla
yaxından təmasda olmaq, qulluq etmək və onlara qayğı göstərmək
şansı verilib, həmçinin IDEA Heyvanlara Qayğı Mərkəzinin
təşkilatçılığı ilə himayə guşəsi təşkil olunub.
Qeyd edək ki, Bakı Zooloji Parkı yalnız əyləncə məkanı deyil,
həmçinin, elmi-maarifçilik müəssisəsi funksiyasını daşıyır. Zooloji
Parkda keçirilən seminar və treninqlər, ustad dərsləri uşaqlar və
gəncləri əyləndirərək maarifləndirir, təbiətə maraq oyadır,
insanların ətraf mühitin mühafizəsini və bu prosesdə öz rolunu daha
dərindən dərk etməsini təmin edir.





























