
Bakı. Trend:
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – iyunun 1-də Heydər Əliyev
Mərkəzinin parkında Uşaq festivalı keçirilib.
Trend xəbər verir
ki, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil
Nazirliyinin təşkilatçılığı ilə baş tutan festivalda müxtəlif yaş
kateqoriyalarındakı uşaqlar maraq dairələrinə uyğun əyləncə seçib
asudə vaxtlarını səmərəli keçirə və istedadlarını nümayiş etdirə
biliblər.
Festival zamanı Mərkəzin parkı mövzular və əyləncə növləri üzrə
zonalara bölünüb. Burada günün əsas qəhrəmanları olan uşaqlara
bir-birindən maraqlı və fərqli əyləncələr, maarifləndirici
proqramlar təqdim olunub.
Uşaq festivalında Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın
övladları, Bakıdakı uşaq evlərinin sakinləri, daun sindromlu
uşaqlar da iştirak ediblər.
Uşaqlar üçün xüsusi ayrılan zonadakı səhnədə gənc istedadların
ifasında konsert proqramı təqdim edilib. Səhnədə “Azəri inciləri”
rəqs qrupu, Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Cücələrim” Mahnı və
Rəqs Ansamblı, Sosial Xidmətlər Agentliyinin uşaqları, “Səma” Rəqs
Ansamblı, “Təbəssüm” Uşaq Musiqili Teatrı, “Zirvə” Rəqs Ansamblı, 3
nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və 3 nömrəli Uşaq İncəsənət
Məktəbinin üzvləri çıxış edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EkoSfera” Sosial
Ekoloji Mərkəz (SEM) tərəfindən yaradılan ekoloji zonada “Yaşıl
dünya naminə həmrəylik ili” və ölkəmizdə keçiriləcək COP29 tədbiri
ilə bağlı uşaqlar üçün maarifləndirmə proqramı və “pre-COP29”
konfransı formatında iqlim dəyişmələri, ətraf mühitin monitorinqi
mövzularında dəyirmi masa, viktorina və interaktiv oyunlar təşkil
olunub. “Tullantılara ikinci həyat” adlı ekoloji ustad dərsləri,
“Yaşıl enerji” mövzusunda startaplar, həmçinin dron və robotların
ətraf mühitin qorunmasındakı rolu nümayiş etdirilib.
Gənclər arasında idmanın, sağlam həyat tərzinin təbliği
məqsədilə Mərkəzin parkında müxtəlif idman növlərinə aid zonaların
yaradılmasına da diqqət yetirilib. Həmin meydançalarda Azərbaycan
Stolüstü Tennis Federasiyası tərəfindən stolüstü tennis təlimi və
uşaqlar arasında yarışlar keçirilib, uşaqlara şahmat yarışlarında,
futbol üzrə ustad dərslərində iştirak etmək, öz bacarıq və
qabiliyyətlərini nümayiş etdirmək imkanı yaradılıb.
Hər bir uşaq öz sevimli personajını canlandırmağı arzulayır. Bu
baxımdan balaca ziyarətçilər “Face art” vasitəsilə üzlərini
müxtəlif şəkil və cizgi filmlərinin qəhramanları ilə bəzədə
bilib.
Animatorlar isə cizgi filmlərinin qəhrəmanlarını canlandıraraq
uşaqların nağıllar aləminə səyahətini, sevimli personajları ilə
görüşünü, onlarla birlikdə əylənməsini təşkil edib.
“Street art” – küçə incəsənəti üçün ayrılan ərazidə uşaqlar
asfalt üzərində rəsmlər də çəkiblər. Azərbaycan Avtomobil
Federasiyası tərəfindən isə uşaqlar üçün yol hərəkəti qaydalarına
dair təlimlər keçirilib, Heydər Əliyev Mərkəzinin parkında kiçik
avtomobillərlə ralli təşkil olunub.
Bakı Kitab Mərkəzi və F.Köçərli adına Uşaq Kitabxanası uşaq
ədəbiyyatı müəllifləri ilə görüş, uşaqlar üçün oxu saatı
keçirib.
Arxeoloji meydançada uşaqlar şərti olaraq axtarışlar aparıb, qum
altından müxtəlif arxeoloji tapıntı maketlərini aşkar edib, onları
tədqiq ediblər.
Heyvanlar aləminə səyahət, azyaşlıların safarinin vəhşi
heyvanlarının maketləri ilə tanışlığı və interaktiv oyunlarla
maariflənməsi isə “Safari tur” zonasında mümkün olub.
Festivalda gənclərin maraq göstərdiyi “Playstation zonası” da
fəaliyyət göstərib.
Uşaqların Beynəlxalq Müdafiəsi günündə onların sağlamlıqları da
yaddan çıxmayıb. Parkda fəaliyyət göstərəcək Liv Bona Dea Hospitalı
uşaqların pulsuz göz müayinəsini aparıb.
Beləliklə, Heydər Əliyev Mərkəzinin parkı həm əyləncə, həm də
yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına verilərək, onlara
unudulmaz anlar yaşadılıb.





























