Advertisement

İordaniyada Novruz bayramı qeyd edilib

Bakı. Trend:

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı
səfirliyində Novruz bayramı münasibətilə bayram şənliyi
keçirilib.

Səfirlikdən Trend-ə bildirilib ki, tədbiri açan səfir Eldar
Səlimov qonaqları Novruz bayramı münasibətilə təbrik edib, onlara
ruzi-bərəkət, xoşbəxtlik və əmin-amanlıq arzu edib.

Ümummilli Lider Heydər Əliyevin hələ sovet dövründə Azərbaycana
rəhbərlik etdiyi zaman xalqımız tərəfindən Novruzun geniş şəkildə
qeyd olunmasına imkan yaratdığını xatırladan səfir qürurla qeyd
edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Şanlı Ordumuzun sayəsində bu gözəl bayram dördüncü ildir Qələbə
ovqatı ilə qarşılanır.

Səfir Azərbaycanda Novruzun yüksək səviyyədə qeyd edildiyini
bildirərək, milli-mədəni irsimizin təbliği istiqamətində
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü
ilə ölkəmizin 11 mədəni irsinin, o cümlədən Novruz bayramının
UNESCO-nun Ümumdünya İrs Siyahısına salındığını, 2010-cu ildə isə
ölkəmizin təşəbbüsü və Novruzu qeyd edən digər ölkələrin dəstəyilə
martın 21-nin BMT tərəfindən Beynəlxalq Novruz Günü elan edildiyini
bildirib.

Digər çıxışlarda Novruz bayramının xaricdə yaşayan
soydaşlarımızın birgə qeyd etməsinin onlarda yurdumuza bağlılıq
hisslərini gücləndirdiyi vurğulanıb, bu bayram günlərində bir daha
Azərbaycanın ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman
övladların əziz xatirəsi ehtiramla yad edilib.

Çıxışlardan sonra Azərbaycan musiqisi səsləndirilib, qonaqlara
ləziz təamlar təklif edilib.

Tədbirdə İordaniyanın tanınmış ictimai-siyasi xadimləri və bu
ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.