
Bakı. Trend:
Cari ilin 11-22 noyabr tarixində Bakıda keçiriləcək
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində könüllülərlə işin
səmərəli təşkili məqsədilə 2 iyun tarixində Könüllülər Mərkəzinin
rəsmi açılış mərasimi keçirilib.
Trend xəbər verir ki, dünya ictimaiyyətinin diqqət mərkəzində
olan COP29 tədbirinin uğurlu icrasında əhəmiyyətli payı öz fədakar
əməyi, nümunəvi davranışları ilə seçilən dayanıqlılıq səfirləri
kimi çıxış edəcək COP29 könüllülərinin üzərinə düşür. Qlobal
səviyyəli bu tədbirə könüllülərin yüksək səviyyədə hazırlığını
təmin etmək məqsədilə COP29 Sədrliyi tərəfindən təsis edilən
Könüllülər Mərkəzi bugündən fəaliyyətə başlayıb.
Açılış mərasimində COP29-un müəyyən edilmiş Prezidenti cənab
Muxtar Babayev, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və
Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, eləcə də media
nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbir çərçivəsində rəsmi qonaqlar Mərkəzin iş fəaliyyətini
yaxından izləyib, yaradılan şəraitlə əyani tanış olublar. Mərkəzdə
könüllülərin unikal bacarıqlarının ən səmərəli şəkildə artırılması
və əməkdaşlıq mədəniyyətinin təşviqi üçün inklüziv mühitin təmin
ediləcəyi xüsusi vurğulanmışdır.
Qeyd edilmişdir ki, bir neçə gün öncə açıq elan edilən proqrama
yalnız bir gün ərzində 9000 nəfərdən çox namizəd könüllülük üçün
müraciət etmişdir ki, bu da bugünə qədər ölkədə keçirilmiş
tədbirlərə müraciət trendləri ilə müqayisədə rekord göstəricidir.
Cari ilin iyun və iyul ayları ərzində namizədlərin müsahibə və
seçimləri, irəliləyən zamanda isə müsahibə və təlimləri uğurla
tamamlayan seçilmiş 3000 nəfər könüllünün təlimi Mərkəzdə təşkil
olunacaqdır. Sözügedən Mərkəzdə COP29 könüllüləri ümumi, iqlim və
şəxsi inkişaf mövzuları daxil olmaqla ümumilikdə 10 fərqli
istiqaməti əhatə edən təlimlərdə iştirak edəcəklər. Təlimlər
könüllülərin iqlim konfransına hazırlıq mərhələsində hərtərəfli
məlumatlandırılmasına və səriştələrinin artırılmasına xidmət
edəcək.
Tədbirdə öz nitqi ilə çıxış edən cənab Babayev iştirakçılara
seçim turları ərzində müvəffəqiyyətlər arzu edib və qeyd edib ki,
ölkəmiz COP29-a ev sahibliyi missiyası və iqlim çağırışları ilə
mübarizə çərçivəsində milli insan kapitalına və gənc
peşəkarlarımıza güvənir.
Mərkəzlə tanışlıq turu zamanı COP29 rəsmiləri və qonaqlar
COP29-un könüllüsünün divarda ağac formasında simvolik divar
rəsminin çəkilməsi prosesini maraqla izləmiş, Nərmin Carçalova və
Muxtar Babayev tərəfindən bir neçə toxunuşla kompozisiya
tamamlanmışdır.
Xatırladaq ki, COP29 Könüllülük Proqramı tədbirin uğurla
təşkilinə töhfə vermək istəyən hər kəs üçün açıqdır. Namizədlərin
layihəyə qoşulmasını rahat və koordinasiyalı şəkildə təşkili
məqsədilə 29 may tarixində volunteers.cop29.az onlayn
qeydiyyat platforması istifadəyə verilmişdir. Müraciətlərin bugünə
olan sayı 14222-ni keçir. Platforma vasitəsilə maraqlı olan hər kəs
5 iyun tarixinədək qeydiyyatdan keçərək COP29 könüllüsü olmaq
imkanı əldə edə bilər. Qeydiyyat prosesi ilə bağlı yarana biləcək
suallarla bağlı +994125352928 çağrı mərkəzi xidmət göstərir.





























