Advertisement

Azərbaycanda bu şəxslərə təqaüd veriləcək

Bakı. Trend:

Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum
əməkhaqqının 50 faizi məbləğində təqaüd veriləcək.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin
Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında
müzakirə edilən “Məşğulluq haqqında” qanuna dəyişiklikdə öz əksini
tapıb.

Sənədin arayış hissəsində qeyd edilir ki, peşə hazırlığına cəlb
olunmuş şəxslərə təqaüd məbləğinin minimum əməkhaqqının 50 faizi
məbləğində müəyyən olunması ilə bağlı 29-cu maddəyə dəyişiklik
edilməsi nəzərdə tutulur. Belə ki, ölkə üzrə minimum aylıq
əməkhaqqının hər il artırılması qeyd olunan təqaüd məbləğinin də
artmasına gətirib çıxarır. Bu isə sui-istifadə halları yaradaraq,
işlə təmin edilmə imkanları olan şəxslərin ehtiyac olmadığı halda
peşə hazırlığına üstünlük vermələri ilə nəticələnməklə, peşə
hazırlığına həqiqətən ehtiyacı olan şəxslərin bu imkandan istifadə
etmələrinə əngəl yaradır.

Bununla yanaşı, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərində 2024‒2026-cı illərdə əhalinin məşğulluq imkanlarının
artırılmasına dair Tədbirlər Planı”nda işğaldan azad edilmiş
ərazilərdə məskunlaşan 12 min nəfərin 2026-cı ilədək peşə
hazırlığına cəlb edilməsi nəzərdə tutulub.