
Bakı. Trend:
İyunun 3-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri
komitəsinin növbədənkənar sessiyada ilk iclası keçirilib.
Trend-in məlumatına görə, Komitənin sədri Hicran Hüseynova
Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi
haqqında iki qanun layihəsinin birinci oxunuşda müzakirəyə
çıxarıldığını söyləyib.
H.Hüseynova ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, onun
sosial rifahının yaxşılaşdırılması, ailələrdə sağlam mühitin
yaradılması sahəsində mühüm qanunların qəbul edildiyini, dövlət
proqramlarının həyata keçirildiyini söyləyib.
O, bu gün təqdim olunan qanun layihələrində də ailə institutunun
müdafiəsi ilə bağlı müasir tələblər zəminində Ailə Məcəlləsinə bir
sıra önəmli düzəlişlərin təklif edildiyini bildirib.
Məsələlər barədə məlumat verən komitə sədri birinci qanun
layihəsi ilə bağlı diqqətə çatdırıb ki, Azərbaycan ərazisində olma
və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız uzun
müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək
üçün Azərbaycan vətəndaşı ilə nikah bağlamağı qərar verirlər.
Bu hal Azərbaycan vətəndaşı ilə nikahda olan əcnəbilərə
münasibətdə qanunvericiliyin müəyyən etdiyi imtiyazlardan
sui-istifadə edilməsi riski yaratmaqla yanaşı, qanunsuz
miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən
tədbirlərin effektivliyinə mənfi təsir göstərir.
Bildirilib ki, qeyd olunan halların aradan qaldırılması
istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin
artırılması məqsədilə hazırlanmış qanun layihəsində Ailə
Məcəlləsinin nikahın bağlanmasına mane olan halları əks etdirən
12-ci maddəsinə müvafiq dəyişiklik təklif olunur. Dəyişikliyə
əsasən, aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin
sırasına ikisindən biri və ya hər ikisi ölkə ərazisində qanunsuz
olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin də əlavə
edilməsi nəzərdə tutulur.
Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında digər qanun
layihəsini təqdim edən H.Hüseynova bildirib ki, mövcud ailə
qanunvericiliyinə uyğun olaraq nikaha daxil olmaq istəyən şəxslər
siyahısı müəyyən edilmiş xəstəliklər üzrə tibbi müayinədən
keçirlər. Lakin həmin şəxslərin tibbi müayinəsi və onlara müvafiq
məsləhətlər verilməsi ilə bağlı nəzərdə tutulan qayda Azərbaycan
Respublikasının səfirlikləri və konsulluqlarının akkreditə olunduğu
ölkələrdəki hallara şamil edilmir.
Bu baxımdan, ölkə hüdudlarından kənarda yaşayan Azərbaycan
vətəndaşları arasında nikah bağlanılması məqsədilə həmin
vətəndaşlar tələb olunan tibbi müayinədən keçmək üçün Azərbaycan
Respublikasına gəlməlidirlər. Bu isə nikaha daxil olmaq istəyən
şəxslər üçün maliyyə və vaxt itkisinə səbəb olur.
Qeyd olunub ki, deyilənləri nəzərə alaraq, təqdim olunan qanun
layihəsində Ailə Məcəlləsinin 13-cü maddəsində dəyişiklik edilməsi
təklif edilir. Belə ki, Məcəlləyə əlavə edilən 13.5-1-ci maddəyə
əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində
və ya konsulluq idarələrində nikaha daxil olmaq istəyən Azərbaycan
Respublikasının vətəndaşları bu Məcəllənin 13.1-ci maddəsində
nəzərdə tutulmuş xəstəliklər üzrə tibbi müayinədən öz vəsaitləri
hesabına müraciət etdikləri diplomatik nümayəndəliyin (konsulluq
idarəsinin) akkreditə olunduğu, yaxud yerləşdiyi xarici dövlətdə
seçdikləri tibb müəssisəsində keçə bilərlər. 13.5-2-ci maddədə isə
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya
konsulluq idarələrində nikaha daxil olmaq barədə verilmiş ərizəyə
bu Məcəllənin 13.5-1-ci maddəsində nəzərdə tutulan tibb
müəssisələri tərəfindən verilmiş tibbi müayinədən keçdiklərini
təsdiq edən sənədin əlavə olunması müəyyən edilir.
Müzakirələrdə çıxış edən komitənin sədr müavini Jalə Əliyeva,
üzvləri Sədaqət Vəliyeva, Pərvin Kərimzadə, Sevil Mikayılova, Rauf
Əliyev, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri
Adil Vəliyev Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin
mütərəqqi xarakter daşıdığını, ailələrin sağlam təməllər üzərində
qurulmasına xidmət etdiyini söyləyiblər. Millət vəkilləri, həmçinin
bir sıra qeydlərini və suallarını da səsləndiriblər.
Tədbirdə iştirak edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya
siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin
rəisi Nizami Quliyev, Xarici İşlər Nazirliyinin Hüquqi Təminat
İdarəsinin rəisi Hüseyn Hüseynov, Ədliyyə Nazirliyinin
Qanunvericilik Baş İdarəsinin Sosial Normativ Aktlar İdarəsinin
aparıcı məsləhətçisi Nərgiz Məmmədli, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir
müavini Seymur Məmmədov deputatlar tərəfindən qaldırılan məsələlərə
aydınlıq gətiriblər.
Müzakirələrin yekununda Ailə Məcəlləsində dəyişiklik edilməsi
haqqında hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin
plenar iclasına tövsiyə olunub.
İclasda komitə üzvü Tamam Cəfərova, Xarici İşlər Nazirliyinin
Hüquqi Təminat İdarəsinin rəis müavini Mikayıl Yusifov və digər
rəsmi şəxslər iştirak ediblər.





























