Advertisement

Azərbaycan səfiri Bakıdakı bilik olimpiadasında yüksək nəticə əldə etmiş soydaşlarla görüşüb

Bakı. Trend:

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev 26-28 may
tarixlərində Bakıda keçirilmiş I Türk İnteqrasiya Olimpiadasında
yüksək nəticə əldə etmiş Gürcüstan vətəndaşı olan məktəbli
soydaşlarla görüşüb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı
səfirliyi məlumat yayıb.

“Cari ilin 3 iyun tarixində Azərbaycan Respublikasının
Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev 26-28
may tarixlərində Bakı şəhərində keçirilmiş I Türk İnteqrasiya
Olimpiadasında iştirak edərək 2 gümüş və 4 bürünc medal qazanmış
Gürcüstan vətəndaşı olan məktəbli soydaşlarımızla görüşmüşdür”, –
mətbuat xidməti qeyd edib.

Bildirilib ki, görüş zamanı “məktəbli soydaşlarımızı salamlayan
səfir onları əldə etdikləri nailiyyət münasibətilə təbrik etmiş,
onlara gələcək təhsil həyatlarında uğurlar arzu etmişdir”:

“Gürcüstandakı soydaşlarımızla bağlı məsələlərin hər zaman
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
diqqətində olduğu vurğulanmış, xüsusilə Gürcüstandakı gənc
soydaşlarımızın təhsilinə dair ümummilli lider Heydər Əliyev
tərəfindən atılmış əməli addımların bu gün də Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla
davam etdirildiyi olimpiada mükafatçılarının diqqətinə
çatdırılmışdır”.

Qeyd olunub ki, “Gürcüstandakı icma təşkilatları nəzdində
fəaliyyət göstərən təhsil mərkəzlərinin gənc soydaşlarımızın
təhsili ilə bağlı icra etdikləri layihələrin əhəmiyyəti barədə söz
açan F.Quliyev bu sahədə görülən işlərin yüksək
qiymətləndirildiyini qeyd etmişdir”:

“Soydaşlarımızın təhsili ilə bağlı təşəbbüslərə hər zaman dəstək
verməyə hazır olduğunu bildirən diplomat, bu istiqamətdə icra
olunmuş və icrası davam edən layihələr barədə məktəbli
soydaşlarımıza məlumat vermişdir”.

Səfirin çıxışından sonra “Alyans” Gənclər Mərkəzinin sədri Leyla
Əmrahova sözügedən bilik yarışmasının “önəmini qeyd edərək
şagirdlərin orada qazanmış olduqları dostluq münasibətləri və
təcrübədən” danışıb.

“Olimpiadada gümüş medal qazanmış Simar Bayramov və Şarabanu
Nənəcənova, həmçinin olimpiadanın bürünc medal mükafatçıları Nəzrin
Qəmbərli, Zəhra Əliyeva, Mürsəl Xıdırov və Zenfira Mamedova bilik
yarışı barədə təəssüratları ilə bölüşmüş və gələcək təhsil planları
barədə bəhs etmişlər”, – mətbuat xidməti bildirib.

Səfirlik vurğulayıb ki, ümumilikdə 8 ölkədən olan 78 şagirdin
qatıldığı olimpiadanın final turunda 56 iştirakçı müxtəlif medal və
diplomlarla təltif edilib: “Gürcüstanın Marneuli, Bolnisi,
Qardabani, Dmanisi, Rustavi rayonlarından və Tbilisi şəhərindən
olan ümumilikdə altı məktəbli soydaşımız Azərbaycan Respublikası
Diasporla İş üzrə Dövlət Komitəsinin, eləcə də “Soydaş” İctimai
Birliyinin dəstəyi və “Alyans” Gənclər Mərkəzinin təşəbbüsü ilə
sözügedən olimpiadaya qatılıblar”.