Advertisement

“Tərtər işi” ilə bağlı ittiham olunan daha 4 nəfərə hökm oxundu

Bakı. Trend:

Bu gün Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” ilə bağlı
ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və
Elçin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal
Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Ruslan Mikayılov 6 il 10 ay, Sənan Maşıyev 4 il 10
ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev 5 il 8 ay müddətinə
azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror Ruslan Mikayılov və Sənan Maşıyevin 9 il
10 ay, Cabir Qəhrəmanovun 8 il 5 ay, Elçin Əliyevin isə 7 il 8 ay
müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda
“Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə
bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi
qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum
edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr
müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz
azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan
qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza),
341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən
sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli
sürülüb.