Advertisement

Otuz iki il əvvəl şəhidlik zirvəsinə ucalan iki döyüşçü Xaçmazda dəfn olunub

Bakı. Trend:

Bu gün Birinci Qarabağ müharibəsinin şəhidləri Muradov Zakir
Minad oğlu və Rəcəbov Osman Xəlifə oğlunun cəsədlərinin qalıqları
Xaçmazda dəfn olunub.

Trend xəbər verir ki, 1992-ci ildə şəhidlik zirvəsinə ucalan
qəhrəman döyüşçülər ölümlərindən 32 il sonra doğma yurdlarında
torpağa tapşırılıblar.

Şəhid Osman Rəcəbov rayonun Maqsudkənd, Zakir Muradov isə Yeni
Sudur kəndində dəfn edilib.

Dəfn mərasimlərində şəhidin ailə üzvləri ilə yanaşı, Xaçmaz
Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin, hüquq-mühafizə
orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və
sakinlər iştirak ediblər.

Şəhidlər Azərbaycan Respublikasının Dövlət Himninin sədaları
altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola
salınıblar. Dəfn mərasimlərində “Şəhidlər ölməz, Vətən bölünməz”
şüarları səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub. Tabutlara
bükülmüş Azərbaycanın üçrəngli Dövlət Bayrağı şəhidlərin ailə
üzvlərinə təqdim edilib.

Şəhid Muradov Zakir Minad oğlu 25 aprel 1971-ci ildə Xaçmaz
rayonunun Yeni Sudur kəndində dünyaya göz açıb. Birinci Qarabağ
müharibəsinə könüllü yollanıb. 9 noyabr 1992-ci ildə Ağdərədə
şiddətli döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.

Şəhid Rəcəbov Osman Xəlifə oğlu isə 1 mart 1969-cu ildə Xaçmaz
rayonunun Maqsudkənd kəndində doğulub. Cəbhəyə könüllü yollanan
Osman Ağdərədə döyüşüb. Qəhrəman döyüşçünün son savaşı 17 noyabr
1992-ci ildə Ağdərənin Qozlu kəndində olub.

Zakir və Osmanın şəhid olduğu müəyyənləşsə də, dəfn edildiyi yer
barədə məlumat yox idi.

Aparılan araşdırmalardan sonra hər iki döyüşçünün Tərtər
şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi basdırıldığı
müəyyənləşib.

Xəbər yenilənəcək