Advertisement

Dünya üzrə universitetlərin reytinqi açıqlanıb, BDU ilk minliyə düşüb

Bakı. Trend:

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri hesab olunan
“QS Quacquarelli Symonds” agentliyi “QS World University Rankings
2025” nəticələrini elan edib.

Trend xəbər verir ki, Bakı Dövlət Universiteti (BDU) böyük uğura
imza atmaqla “QS World University Rankings 2025”də 179 pillə
irəliləyərək, 951-1000 aralığında qərarlaşıb və ölkədə lider
mövqeyinə yüksəlib.

Eyni zamanda tələbə-müəllim nisbəti (faculty-student ratio)
indikatoru üzrə dünyada 373-cü mövqeyə, məşğulluq göstəriciləri
(employer outcomes) üzrə isə 271-ci mövqeyə yüksəlib. Bununla
yanaşı, müxtəlif indikatorlarına görə qiymətləndirmə nəticələrinə
əsasən, BDU tələbə-müəllim nisbəti (faculty-student ratio), fakültə
üzrə istinad sayı (citation per faculty), beynəlxalq tədqiqat
şəbəkəsi (international research network) və məşğulluq
göstəriciləri (employer outcomes) üzrə də ölkədə lider mövqedə
qərarlaşıb.

Qeyd edək ki, BDU-nun “QS World University Rankings 2025”də cari
qiymətləndirmə nəticəsi öncəki il ilə müqayisədə əhəmiyyətli
dərəcədə artıb. Ötən il BDU “QS World University Rankings”də
1001-1200 aralığında yer alırdı. Elan olunan reytinq
qiymətləndirilməsinə 106 fərqli ölkədən müəyyən olunan minimal
tələbləri qarşılayan 5663 ali təhsil müəssisəsi cəlb olunub, 1503
ali təhsil müəssisəsi isə reytinq siyahısında yer ala bilib.